[b]“Hər komanda rəqibinə hörmətlə yanaşmalıdı” – Julian Ebah[/b]
28.06.2016 - 00:01
[b]“Hər komanda rəqibinə hörmətlə yanaşmalıdı” – Julian Ebah[/b]

“Kəpəz”in hücumçusu Julien Ebahın apasport.az saytına müsahibəsi.

 

- Oyuna artıq saatlar qalıb. Komanda necə hazırlaşıb?

- Hazırlığın əsas hissəsində Ərzurumda olduq. Fiziki və taktiki məşqlər etdik, yoxlama oyunları keçirdik. Heyətimizə yeni futbolçular qoşuldu. Bakıya döndükdən sonra məşqlərimizi burada davam etdik. Bizim üçün vacib olan qarşılaşmaya hazırıq. Təbii ki, məqsədimiz, hədəfimiz məlumdu. Meydan sahibi komanda hər zaman qələbə qazanmaq və azarkeşlərini sevindirmək haqda düşünür. Bu cür oyunlar iki hissəlidi. Biz evdə başlayıb Kişinyovda davam etdirəcəyik. İstərdik ki, sonda mərhələni adlayan tərəf biz olaq.

 

- Heyətdə dəyişikliklər oldu. Gedənlər və gələnlər – “Kəpəz” zəifləyib, yoxsa güclənib?

- Dəyişikliklər baş məşqçinin nəzarəti altında baş verib. Gələnlər bizim üçün çox önəmli və vacib futbolçulardı. Baş məşqçi onları oyunlarda da yoxladı. Əlbəttə, yeni gələn futbolçu dərhal adaptasiya ola bilmir. Vaxt lazımdı. Ancaq onlar bu gün meydana çıxmağa və “Kəpəz”in 16 illik fasilədən sonrakı dönüşünü uğurla qeyd etməyə kömək etməyə hazırdılar.

 

- Bəs “Daçiya” haqqında nə bilirsiz?

- Hər şeydən əvvəl hər bir komanda rəqibinə hörmətlə yanaşmalıdı. Onların çempionatda necə çıxış etdikləri haqda məlumatımız var. Çətin oyun olacaq. Çünki qarşımızdakı təcrübəli komandadı. Onlar demək olar, hər il avrokuboklarda çıxış edirlər. Ancaq biz doğma azarkeşlərimizin əhatəsində olacağıq. Gəncədən çoxsaylı fanatlar gələcək. Onları sevindirmək üçün dayanmadan, yorulmadan mübarizə aparacağıq.

 

- Əksəriyyət cütün favoriti qismində Kişinyov təmsilçisini görür. Bəs siz şansları necə qiymətləndirirsiniz?

- Kağız üzərində hər şey fərqli ola bilər. Amma otun üzərinə ayağını qoyduğun an şanslar bərabərdi. 90 dəqiqə ərzində kim az səhv etsə, şanslarını düzgün dəyərləndirsə, o da qələbə qazanacaq. “Kəpəz”in adına layiq, yaxşı iş görmək istəyirik.

 

- Belə məqamlarda əsas yük hücumçuların üzərinə düşür. Bilirsiniz də, Gəncədən gələn azarkeşlər ümidini hücumda sizin məhsuldarlığınıza bağlayacaq...

- Mən də ən yaxşısını etməyə, işimi mükəmməl yerinə yetirməyə çalışacam. Top yumru, meydan düzdü. Nəticə çox vacibdi. Komandanın qələbəsi fərd olaraq kiminsə fərqlənməsindən önəmlidi. Hücumçu kimi mən də çox çalışacam.

0