[b]Avrokuboklar “Kəpəz”lik deyil: 10 oyun, 1 qələbə[/b]
28.06.2016 - 16:57
[b]Avrokuboklar “Kəpəz”lik deyil: 10 oyun, 1 qələbə[/b]

Avropa Liqasının I təsnifat mərhələsində bu gün “Daçiya”nı qəbul edəcək “Kəpəz” Avropa arenasında 11-ci matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi indiyə qədər keçirdiyi 10 görüşün yalnız 1-də qələbə qazana bilib.

 

İndiyə qədər 5 dəfə Avrokuboka qatılmaq haqqı əldən edən qərblilər bütün hallarda I təsnifat mərhələsində mübarizəni dayandırıb. Çünki komanda 10 qarşılaşmanın düz 9-da meydanı məğlub tərk edib.

 

1995/96 mövsümündə Avrokubokda debüt edən “Kəpəz” UEFA Kubokunun I mərhələsində Avstriya təmsilçisi “Austriya”ya rəqib olub. Vyanalılar təmsilçimizi hər iki qarşılaşmada meydana çıxmağına peşman edib – 4:0, 5:1. 1997/98 mövsümündə “Latviya” təmsilçisi “Dinaburq”la Kuboklar Kubokunda üz-üzə gələn “Kəpəz” hər iki görüşdə rəqibinə 0:1 hesabı ilə yenilib.

 

Bundan sonra Gəncə klubu ardıcıl iki mövsüm Çempionlar Liqasında iştirak hüququ əldə edib. Lakin hər iki halda mərhələ adlamağa müvəffəq olmayıb. 1998/99 mövsümündə Polşa “Lodz”u iki matçın cəminə görə 7:2 (3:1, 4:1) hesablı üstünlük əldə edib.

 

“Kəpəz” Avrokubokda ilk və hələlik yeganə qələbəsini isə 1999/2000 mövsümündə qazanıb. Komandamız Makedoniya “Sloqa”sını evdə 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Səfərdə isə makedoniyalılar yeganə qola seviniblər. Ümumi hesab bərabərə olsa da, səfər qolu sayəsində “Sloqa” mərhələ adlayıb.

 

“Kəpəz” “Daçiya” ilə görüşə qədər Avrokubokda son oyununa isə 16 il əvvəl, 2000/01 mövsümündə çıxıb. Həmin vaxt UEFA Kuboku çərçivəsində rəqib “Antalyaspor” olub. Türkiyə komandası hər iki matçda asan (2:0, 5:0) qələbə qazanmağı bacarıb.

 

Avrokuboklarda keçirdiyi 10 qarşılaşmanın cəmi 4-də rəqib qapılarına yol tapan “Kəpəz” ən yaxşı halda 2 qol vura bilib. Aktivində 5 qol olan Gəncə təmsilçisi öz qapısında isə 27 top görüb.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Daçiya” oyunu saat 20:00-da başlayacaq.

0