[b]Serjinyo: “Daçiya” yaxşı komanda deyil – MÜSAHİBƏ[/b]
29.06.2016 - 10:42
[b]Serjinyo:  “Daçiya” yaxşı komanda deyil – MÜSAHİBƏ[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya” ilə matçdan (0:0) sonra “Kəpəz”in yeni transferi Serjinyo apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Favorit “Daçiya” hesab edilsə də, “Kəpəz”in real qol şansı daha çox oldu. Bəs oyunun qolsuz başa çatması nədən irəli gəlir?

- Maraqlı oyun alındı. Həqiqətən də, qol vurmağımız üçün şanslarımız çox oldu. Bu qədər epizodu qaçırdığımıza görə, təəssüflənməmək mümkün deyil. Moldovada daha yaxşı oynamalıyıq. Təbii ki, mərhələ adlamağı biz daha çox istəyirik.

 

- Epizodları maksimum istifadə edə bilməməyiniz həyəcandan irəli gəlirdi, ya başqa səbəblər vardı?

- İndi bu haqda nəsə deyə bilməyəcəm. Oyunun videoyazısına baxacağıq. Baş məşqçi fikrini deyəcək. Əlbəttə, çox məşq etməli, cavab oyununa bundan daha yaxşı hazırlaşmalıyıq. Çünki bu dəfə rəqib öz meydanında oynayacaq. Belədə qonaq komanda daha çox güc sərf edir.

 

- 70-ci dəqiqədən sonra “Kəpəz” dayandı. 90 dəqiqə oynamağa hazır deyilsiz?

- Türkiyədə yaxşı hazırlıq keçdik. Orda iki yoxlama oyununda gücümüzü sınadıq. Razıyam, rəqibimiz yaxşı komanda deyil. Amma yoxlama matçında vacib olan oyun elementlərinə diqqət yetirməkdi. İndi mövsümün əvvəlidi. Heç bir komanda bu vaxt 100 faiz hazır olmur. Oyundan-oyuna daha da “artıracağıq”. Razıyam ki, sona yaxın yorğunluq hiss olunurdu.

 

- Artıq rəqibi iş başında gördünüz. İlk oyundan sonra mərhələ adlamaq üçün şansınızın olub-olmaması realdımı?

- Əlbəttə, şansımız var. Heyətimizdə yaxşı futbolçular cəmləşib. Əla məşqçi heyətimiz var. Moldovada yəqin ki, bir qədər fərqli oynayacağıq. Orda rəqibi əks-hücumlarda yaxalamağa çalışmalıyıq. Həm də qol epizodlarını bu qədər qaçırmamalıyıq.

 

- “Kəpəz”in 16 ildir avrokuboklarda oynamadığını bilirdinizmi?

- Bildiyim odu ki, bu mərhələ bizim üçün əhəmiyyətlidi. Hamımız ilk mərhələni adlamaq haqda düşünürük və buna köklənmişik. Təbii ki, bu azarkeşlərimizin də istəyidi. Komanda yoldaşlarım mənə deyib ki, çoxsaylı azarkeşlərimiz var. Bir hissəsi bu gün stadiona da gəlmişdi. Dedilər ki, oyun Gəncədə keçirilsəydi, bundan dəfələrlə çox azarkeş toplaşacaqdı.

 

- Yeni komandanız haqda nə düşünürsüz?

- Komandaya yeni qoşulduğumdan, çətinliklərin olacağı normaldı. Bu heyətlə cəmi 2 yoxlama görüşündə iştirak etmişdim. İlk rəsmi oyunuma bu gün çıxdım. Yenə deyirəm, heyətimizdə yaxşı futbolçular var. Məşqlərimiz də inkişaf etməyimizə kömək edəcək. Transferdən əvvəl komanda haqda müəyyən məlumatlar toplamışdım. Bilirəm ki, azarkeş bazası güclüdü. Oyunlara 14-15 min fanat gəlir. Görüləsi işlər var. Məşqlərdə həmin səhvləri aradan qaldırmalıyıq.

 

0