[b]“Kəpəz”in XX əsrdə qalan sevinci[/b]
29.06.2016 - 12:44
[b]“Kəpəz”in XX əsrdə qalan sevinci[/b]

Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən olan “Kəpəz”in I təsnifat mərhələsindəki görüşü əlamətdar alınıb. Apasport.az saytının məlumatına görə, “Daçiya” ilə dünən Bakıda baş tutan qarşılaşma Gəncə klubu üçün ilklərlə yadda qalıb.

 

16 illik fasilədən sonra Avrokubokda mübarizə aparan bölgə təmsilçisi tarixində ilk dəfə Avropa arenasında rəqibi ilə bərabərə qalıb. Buna qədər 5 dəfə ölkəmizi qitəmiqyaslı turnirlərdə təmsil etmiş gəncəlilər keçirdikləri 10 matçın 9-da məğlub olmuş, 1-də qələbə qazanmışdılar.

 

“Kəpəz” 7-ci dəfə meydanı qol vurmadan tərk edib. Sonuncu dəfə 1999-cu ildə qol sevinci yaşayan komanda bu uğursuzluq sindromunu yenə qıra bilməyib. “Kəpəz” axırıncı dəfə məhz həmin il “Sloqa” (Makedoniya) ilə evdəki matçda (2:1) qol vura bilib. Ondan sonra keçirilən 4 matçda isə rəqib qapısına yol tapmaq mümkün olmayıb.

 

Bunun fonunda “sarı-göylər” tarixində ilk dəfə Avrokubokda qapısının toxunulmazlığını qoruya bilib. Buna qədər baş tutan 10 qarşılaşmanın hamısında meydanın mərkəzinə dəvət edilən təmsilçimiz ümumilikdə 27 dəfə topu tordan çıxarıb.

 

Qeyd edək ki, “Kəpəz”lə “Daçiya” arasındakı cavab oyunu iyulun 7-də Moldovada keçiriləcək.

0