[b]“Lill”in qapıçısı təxribatda günahlandırıldı: Şokda idim[/b]
25.07.2016 - 12:13
[b]“Lill”in qapıçısı təxribatda günahlandırıldı: Şokda idim[/b]

Nigeriya yığmasının sabiq baş məşqçisi Sandey Olise vaxtilə millidə birgə işlədiyi bəzi futbolçulardan narazılığını bildirib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ittiham olunan oyunçuların sırasında hazırda “Lill”in formasını geyinən Vinsent Enyeama da var.

 

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə keçiriləcək cavab oyun üçün gələn həftə Azərbaycana gələcək 34 yaşlı qolkiper sabiq çalışdırıcısını təxribatda günahlandırılıb. Belə ki, Olise ötən yay Belçikada baş tutmuş toplanış zamanı Enyeama ilə mübahisə etdiyini açıqlayıb.

 

O, təcrübəli qapıçının Nigeriya yığmasının hazırkı kapitanı Con Obi Mikellə birlikdə ona “təxribat” hazırladığını bildirib: “İlk rəsmi oyunuma – Tanzaniya ilə görüşə 3 həftə qalmış yığmaya çağırdığım futbolçuların klublarına bununla bağlı məlumat göndərildi. Enyeama çərşənbə axşamı düşərgəyə qoşulmalı idi. Lakin o, “sms” göndərərək oyunu buraxacağını bildirdi. Çünki bir neçə həftə öncə anası dünyasını dəyişmişdi. Vinsentə zəng etdim və danışıqdan sonra onunla razılaşdıq. Yığmadakı ilk görüşümdə onun kimi futbolçuya ehtiyacım olduğunu və matç bitəndən sonra evinə qayıtmağa icazə verəcəyimi dedim. Yeri gəlmişkən, Tanzaniya ilə matçdan 3 gün sonra Nigerlə yoldaşlıq oyunu keçirəcəkdik. Enyeamaya onu həmin görüşə saxlamayacağımı bildirmişdim, o da razılaşmışdı. Komanda 4-cü gün təyyarə ilə uçmağı planlaşdırırdı. 1 gün öncə Enyeama zəng etdi və oyuna getməyəcəyini qəti şəkildə bildirdi. Şokda idim. Axı biz öz aramızda onunla razılaşmışdıq. Bizə Enyeamanın təcrübəsi, liderlik keyfiyyəti lazım idi”.

 

Qeyd edək ki, 2011-ci ildən “Lill”in formasını geyinən Vinsent Enyeama 2002-2015-ci illər ərzində Nigeriya millisində 101 oyun keçirib.

 

 

0