[b]Topaz Premyer Liqası: Yeni mövsümdə yeni toplardan istifadə olunacaq[/b]
26.07.2016 - 12:17
[b]Topaz Premyer Liqası:  Yeni mövsümdə yeni toplardan istifadə olunacaq[/b]

“Vaxtilə deyirdim ki, bizim çempionat digərlərindən heç də geri qalmır. Amma çəkilişdən çox şey asılıdı. Deyirdilər ki, Ramin müəllim öz keçirdiyi çempionatı tərifləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

 

Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün püşkatması keçirilir. AFFA-nın inzibati binasında baş tutan mərasimdən əvvəl Ramin Musayev qısa fikirlərini bildirib: “CBC Sport” kanalının ötən mövsüm çəkilişlərindən göründü ki, lazımi ləvazimatların olması da vacibdi. Bu kanal həmin ləvazimatlara sahib olduğundan, keyfiyyətli yayım hazırlayır. İnşallah, 2016/2017 mövsümündə çempionatımız əvvəlkilərindən daha maraqlı və gərgin keçəcək. Ona görə maraqlı keçəcək ki, 8 komandanın ən azı 6-sı avrokuboka vəsiqə üçün mübarizə aparacaq. Bir yarışda mübarizə olursa, orda maraq da olur”.

 

Çempionatda bəzi dəyişikliklərin olacağını deyən Musayev bildirib ki, klubların xahişini nəzərə alaraq, əcnəbi futbolçular üçün ödənilən pulların məbləği azaldılıb: “Bu, klublara kömək üçün edildi. Bizi bəzən günahlandırdılar ki, oyunçuların formalarında başqa əlifba ilə yazılır. Amma biz onların maddi durumunu nəzərə alaraq, qərara gəldik ki, kimin nəyə imkanı varsa, ondan istifadə etsin. Sonra klublardan soruşduq. İndi isə belə qərara alındı ki, formaların arxasında futbolçuların adları öz əlifbamızda yazılmalıdı. Sevindirici haldı ki, bu il avrokubokda oynayan komandalarımızın hamısı ilk mərhələni keçdilər. Klub rəhbərlərimiz sağ olsun ki, artıq biz 2 mərhələ ilə də razılaşmırıq. Artıq azarkeşlər daha böyük nailiyyətlər gözləyirlər. Amma bəzən idmanda bəxt gətirmir. İlk mərhələdə o mənada bəxtimiz gətirdi ki, rəqiblərimiz bir o qədər də güclü deyildilər. Ancaq sonrakı püşkatmada bəxt bizdən üz döndərdi. Bu gün “Qarabağ”a, 2 gün sonra isə oyun keçirəcək “Qəbələ”yə uğurlar arzulayıram. Çalışacağıq ki, oyunlar canlı göstərilsin, amma bəzən bizdən asılı olmur. Bugünkü tədbirdən sonra lazımi yerlərə əl atılacaq ki, hər iki komandamızın səfər görüşü canlı göstərilsin. Sağ olsun “Topaz” rəhbərliyi, bu il də çempionatımıza sponsorluq edəcək”.

 

PFL rəhbəri başqa məqamlara da toxunub: “Əliyar Ağayevin 19 yaşlılar arasında Avropa çempionatının finalını idarə etməsinə çoxları sevindi. AFFA rəhbərliyi hakimlərin vaxtında təlim-məşq toplanışı keçirməsinə həmişə çalışıb. Bunda PFL-in də rolu oldu. İnsan zirvəyə qalxanda, sözsüz ki, səhvlərə yol verir. O səhvlər bilməyərək edəndə bağışlanır. Əliyar o oyuna çıxanda adının altında nə AFFA-nın, nə də PFL-in adı yazılmışdı. Adının altında Azərbaycanın adı yazılmışdı. Ona uğurlar arzulayıram. Sevindirici haldı ki, 2 oyunçumuz Portuqaliya çempionatında çıxış edəcək. Həm Elnur Cəfərov, həm də Budaq Nəsirova uğurlar arzulayıram. Bu gün təsdiq olundu ki, futbolçuya əziyyətindən çox pul verilməyəndə o, daha artığını etməyə çalışacaq. Bu il çempionatımızda “Adidas” firmasının “Beje” toplarından istifadə olunacaq. Bunu da gətirdik ki, klublara kömək olsun, hamısı eyni toplarla oynasın. Çalışacağıq ki, yenə ədalətli çempionat olsun. Heç kim deyə bilməz ki, biz çempionatda ədalətsizliyə yol vermişik. Belə şey olmayıb”.

 

0