[b]“Qəbələ” "Lill”ə sürpriz yaşatmaq iddiasında[/b]
27.07.2016 - 12:10
[b]“Qəbələ” "Lill”ə sürpriz yaşatmaq iddiasında[/b]

“Qəbələ” Avropa Liqasının (AL) III təsnifat mərhələsi çərçivəsində sabah ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Fransada “Lill”in qonağı olacaqlar.

 

Əvvəlki mərhələlərdə “Samtredia” (Gürcüstan) və MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdıran “Qəbələ”ni bu dəfə daha ciddi sınaq gözləyir. Ötən mövsüm AL-in qrup mərhələsində çıxış etmiş Roman Qriqorçukun komandası hazırda pley-offun astanasındadı. İstəyə çatmaq üçün isə ilk növbədə, daha çətin olanı etmək, səfərdəki sınaqdan üzüağ çıxmaq lazımdı.

 

“Qəbələ”nin hazırda yaxşı formada olduğunu əminliklə söyləmək olar. Xüsusilə, yeni transferlər Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Nika Kvekveskirinin çıxışı diqqət çəkir. Hər 4 oyunçu “qırmızı-qaralar”ə əlavə güc qatıb. “Dördlüy”ün içində ən çox fərqlənən isə Uiksdi. Bu mənada, fransızların ilk dəqiqələrdən ona xüsusi diqqət ayıracağını təxmin etmək olar.

 

Fransa çempionatının 2015/2016 mövsümünü 5-ci pillədə bitirən “Lill” heyətinə və təcrübəsinə görə “Qəbələ”ni üstələsə də, Azərbaycan təmsilçisinin ötən mövsüm sürprizə imza atdığını unutmaq olmaz. Pley-offda Yunanıstanın adlı-sanlı “Panatinaikos” klubunu mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” bu dəfə “Lill” qarşısında boylarından yuxarı tullanmağa çalışacaqlar.

 

Səfərdə “Qəbələ” üçün sərfəli nəticə qeydə alınsa, bu, cavab görüşü öncəsi təmsilçimizdə önüzəinam hissini bir qədər də artıracaq. Qriqorçukun komandası ilk növbədə çalışmalıdı ki, “Pyer Morua”da erkən qol buraxmasın. Çünki bu, baş verəcəyi halda, oyunda vəziyyəti dəyişmək “Qəbələ”yə heç də asan olmayacaq.

 

“Lill”lə qarşılaşma Avroliqanın cari mövsümündə keçirdiyi 4 görüşdən 3-də qələbə qazanan “Qəbələ” üçün 21-ci avrokubok matçı olacaq.

 

 

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

28 iyul

 

21:00. "Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis

Dördüncü hakim: Zbiqniev Dobrinin (hamısı Polşa)

Hakim-inspektor: Frank de Bleker (Belçika)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

Lill. “Pyer Morua” stadionu

 

0