[b]Elnur Məmmədli finalçılar haqda: Bir az tez sevindilər - MÜSAHİBƏ[/b]
14.08.2016 - 21:53
[b]Elnur Məmmədli finalçılar haqda: Bir az tez sevindilər - MÜSAHİBƏ[/b]

“Bu, ilk idi. İndiyədək Olimpiya Oyunlarında bir qızıl və bir bürünc medal qazansaq da, Rioda iki gümüş medal qazanmağımız ilk dəfə baş verir. Bildiyiniz ki, federasiya, rəhbərlik, məşqçilər, hər şey yenidən formalaşdırılmışdı. 9 ayda - qısa zaman ərzində iki Olimpiya medalı qazanmaq çox böyük nailiyyətdi. İnanıram ki, növbəti Olimpiadada minimum 2-3 “qızıl”ımız olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.

 

Rio-2016 Yay Olimpiya Oyunlarında çıxışını başa vurmuş cüdo yığmamızın vətənə dönüşü zamanı media nümayəndələrinin suallarını cavablandıran keçmiş Olimpiya çempionu idmançılarımızın çıxışlarını yüksək qiymətləndirib.

 

- Budəfəki medallar sizin (73 kq) və digər məşqçi Mövlud Mirəliyevin (100 kq) çəkisində qazanıldı. Üstəlik, Rüstəmin növbəti Olimpiadada hər hansı bir medal qazanıb sizi arxada qoymaq ehtimalı da var. Bu barədə nə düşünürsünüz?

- Mən özüm bunu çox istəyirəm. Nəinki məni ötmək, məndən dəfələrlə çox medal qazanmalıdırlar. Bu, qətiyyən heç bir qısqanclıq yaratmayacaq. Əgər Azərbaycan bayrağı altında güləşirlərsə və bizim himnimiz səslənirsə, bu, mənim üçün ikiqat ruh yüksəkliyi və sevincdi. Rüstəmin medalı tək onun yox, bütün xalqımızındı. Mən dəfələrlə demişdim ki, tarix təkrarlanacaq. Elmar da, Rüstəm də qızıl medal qazanacaqlar. Ancaq alınmadı, gələn yarışlarda hər şey daha yaxşı olacaq.

 

- Hər iki idmançımıza qızıl medal qazanmaq üçün finalda nə çatmadı?

- Psixoloji cəhətdən problem oldu. Mən belə düşünürəm. Və bir az tez sevindilər, arxayınlaşdılar. İdmandı, hər cür nəticə qazanmaq olar. Gümüş medal da əla nəticədi. Avropa Oyunlarında çox uğursuz çıxış etmişdik. Ancaq yeni rəhbərliklə qısa zamanda 2 medal qazanmaq çox böyük uğurdu. Orxan Səfərov 5-ci, Məmmədəli Mehdiyev 7-ci oldu. Gələn yarışlarımızda hər şey lap yaxşı olacaq.

 

- Hansısa çəkidə yeni idmançıya gərək varmı, yoxsa eyni idmançılarla davam etmək lazımdı? Məsələn, Elxan Məmmədov artıq Elmar Qasımovun kölgəsində qalır...

- Təbii ki, hər çəkidə nə qədər çox idmançı olsa, rəqabət olsa, daha yaxşıdı. Deməzdim ki, Elxan kölgədə qalır. O, bizim ilk dünya çempionumuzdu. Təbii ki, yaş da öz sözünü deyir. Biz düşünürük ki, Elxan aktiv karyerasını başa vurduqdan sonra onun təcrübəsindən yararlanaq.

 

- Xanım idmançılarımızın Olimpiadaya gedə bilməməyini necə dəyərləndirirsiniz?

- Ümid edirik ki, 2020-ci ildə Yaponiyada keçiriləcək olimpiadada xanımlar da çıxış edəcəklər.

0