[b]Rio-2016: Rəsul Çunayev Riodan “bürünc”lə qayıdır - YENİLƏNİB[/b]
17.08.2016 - 00:08
[b]Rio-2016: Rəsul Çunayev Riodan “bürünc”lə qayıdır - YENİLƏNİB[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

 

Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

 

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.

 

O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4. 

 

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc uğrunda ənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.

 

Bu, güləş millimizin ikinci bürünc medalıdır.

 

Qeyd edək ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olubsa, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq isə güləş yığmamıza ilk medalı qazandırıb.

0