[b]Rio-2016: Bir rekord qırıldı, biri Tokioya qaldı[/b]
18.08.2016 - 10:18
[b]Rio-2016: Bir rekord qırıldı, biri Tokioya qaldı[/b]

Azərbaycan idman tarixində yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu nailiyyətə Olimpiya yığmamızın güləşçisi Mariya Stadnik imza atıb.

 

28 yaşlı milliləşdirilmiş ukraynalı Olimpiadanın 3 qat mükafatçısı olan ilk Azərbaycan idmançısı kimi tarixə düşüb. 1996-cı ildən müstəqil ölkə kimi Olimpiya Oyunlarında çıxış edən ölkəmizin bu yarışlardakı 20 illik çıxışları tarixində indiyədək bunu bacaran olmamışdı. Pekin-2008-də bürünc, London-2012-də gümüş medal qazanan Stadnik isə 4 il əvvəlki uğurunu Rio-2016-da da təkrarlayıb.

 

Böyük Britaniya paytaxtında olduğu kimi yenə yapon rəqibinə uduzan 48 kq çəki dərəcəsindəki təmsilçimiz 2 dəfə medal qazanan digər olimpiyaçılarımızı arxada qoyub.

 

Belə ki, bunadək Namiq Abdullayev (sərbəst güləş, 1996, 2000), Zemfira Meftahətdinova (atıcılıq, 2000, 2004), Rövşən Bayramov (yunan-Roma güləşi, 2008, 2012) və Xetaq Qazyumov (sərbəst güləş, 2008, 2012) rekorda şərik idilər. Bu idmançılardan Namiq qızıl və gümüş, Zemfira qızıl və bürünc, Rövşən 2 gümüş, Xetaq isə 2 bürünc medal qazanıb. Bu “dördlük”dən yalnız Qazyumov Rioda 3-cü mükafatını əldə etmək şansını hələ də qoruyur. Braziliya çıxışını başa vuran Bayramov isə belə imkanı qaçırıb.

 

Qeyd edək ki, Azərbaycan idmançılarının SSRİ və MDB-nin tərkibində çıxış etdiyi – 1952-1992-ci illərdə keçirilən Olimpiadaları da nəzərə alsaq, Stadnik 3 və daha çox medal qazanan ikinci idmançımızdı. Onadək yalnız voleybolçu İnna Rıskal belə nailiyyətə imza atıb. SSRİ yığmasının hücumçusu bu yarışlarda 2 qızıl, 2 gümüş medal əldə edib. Lakin Rıskaldan fərqli, fərdi yarışlarda qüvvəsini sınayan Mariya komandada deyil, təkbaşına 3 mükafat qazanan ilk idmançı olub. Hələ 28 yaşı olan güləşçimiz 4 ildən sonra Tokioda növbəti uğurunu qazanmaq şansına malikdi. O, bunu reallaşdırarsa, mükafat sayında Rıskala çatacaq.

0