[b]Rio-2016: Taekvondo yığmamızdan növbəti medal![/b]
20.08.2016 - 04:54
[b]Rio-2016: Taekvondo yığmamızdan növbəti medal![/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha 2 dəst medal öz sahibini tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının idmançıları hər iki çəki dərəcəsində mübarizə aparıblar.

 

Kişilər

80 kq

Bu çəki dərəcəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olub. Harçeqaninin son 2 dünya çempionatının finalçısı ilə döyüşü qələbə ilə başa vurub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

 

Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 12:7.

 

Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirib. Onun rəqibi polşalı Pyotr Pazinski olub. Döyüşə fəal başlayan Milad başdan sona üstün olduğu görüşü vaxt başa çatmamış 12:0 hesablı təmiz qələbə ilə bitirərək bürünc medal qazanıb.


Qadınlar

67 kq

Bu çəkidə Azərbaycanı təmsil edən Fəridə Əzizovanın da ilk döyüşü 1/8 finala təsadüf edib. Dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Peyc Makferson gücünü yoxlayıb. Həmyerlimizin dünya çempionatının və London Olimpiadasının 3-cüsü ilə qarşılaşması gərgin alınıb. Belə ki, ilk xalı Fəridə alsa da, ardınca geri düşüb - 1:4. Lakin məşqçilərin lazımı tapşırığı ilə Əzizova nəinki bu fərqi aradan qaldırıb, hətta 6:5 hesabı ilə qələbə qazanıb.

 

Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb. Döyüşə rəqib fəal başlayıb. Hətta ilk xalı da özbək idmançı qazanıb. Ancaq özündə güc tapan Fəridə Əzizova möhtəşəm geridönüş edərək 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

 

Yarımfinalda Hyeri Ohla mübarizə aparan idmançımız təəssüf ki, final arzusunu reallaşdıra bilməyib. Gərgin döyüş rəqibin xeyrinə yekunlaşıb - 5:6.

 

Təmsilçimiz bürünc medal uğrunda çıxışını davam etdirib. Onun rəqibi Fil Dişi Sahilindən Kristel Qbaqbi olub. Ancaq xanım idmançımız bu mübarizədə də məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.

 

Qeyd edək ki, Rioya tam heyətlə yollanan taekvondo komandamızın heyətində ilk Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. O, yarışı bürünc medalla başa vurub. Yığmamızın digər üzvü Radik İsayev (+80 kq) isə bu gün mübarizəyə qoşulacaq.

0