[b]Rio-2016: Güləşin “bürünc” gecəsi[/b]
20.08.2016 - 01:09
[b]Rio-2016: Güləşin “bürünc” gecəsi[/b]

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Bu çəki dərəcələrində ölkəmizi müvafiq olaraq, Hacı Əliyevlə Cəbrayıl Həsənov təmsil ediblər.

 

Sərbəst güləş

57 kq

Mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Mircəlal Həsənzadənin əvəzinə Rioya yollanan 2 qat dünya çempionumuz Asiya Oyunlarının bürünc mükafatçısını xalçaya çıxmasına peşman edib. İlk hissəni 8:2 hesabı ilə öndə bitirən həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.

 

Hacı 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Birinci hissə Əliyevin 1:0 hesabı ilə xeyrinə başa çatsa da, yekunda məğlubiyyətə üzülüb. Gürcü 5:3 hesabı ilə mərhələ adlayıb.

 

London-2012-nin finalçısı olan Xinçeqaşvili bu dəfə də həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımızı bürünc medal uğrunda bolqarıstanlı Vladimir Vladimirovla güləşib. Qarşılaşmanın gedişində geri düşən idmançımız sonradan təşəbbüsü ələ alıb. İkinci periodda 5:4 hesabı ilə irəlidə olarkən rəqibinin kürəyini xalçaya vurmağı bacaran Hacı təmiz qələbə ilə bürünc medal qazanıb.

 

74 kq

Bu çəkidə çıxış edən Həsənov da mübarizəyə komanda yoldaşı kimi 1/8 finaldan başlayıb. Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. Cəbrayıl cütün taleyini ilk hissədəcə həll edib - 10:0. 

 

O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşıb. Həsənov bu rəqibini də vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. İlk hissədə 11:0 hesabı ilə önə keçən həmyerlimiz yarımfinala vəsiqə qazanıb.

 

Həmyerlimiz finala gedən yolda rusiyalı Aniuar Qeduyevlə güləşib. Cəbrayıl döyüşə yenə fəal başlayıb. Hətta 4:0 hesabı ilə önə də keçib. Lakin o, üstünlüyünü qoruya bilməyib. Yekunda rusiyalı 5:4 hesabı ilə qalib gələrək, finala yüksəlib.

 

Məğlubiyyətə baxmayaraq, Həsənov bürünc medal üçün mübarizə aparıb. Onun medal uğrundakı rəqibi özbək güləşçi Bexzad Abdurrahmanov olub. Görüşün əvvəllərindən təşəbbüsə yiyələnən pəhləvanımız sona qədər üstünlüyünü əldən verməyib və yekunda 7:9 hesablı qələbə ilə fəxri kürsünün üçüncü pilləsində dayanmağa haqq qazanıb.

0