[b]Rio-2016: Şərifov da "bürünc siyahı"ya qoşuldu![/b]
21.08.2016 - 00:09
[b]Rio-2016: Şərifov da "bürünc siyahı"ya qoşuldu![/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə qoşulub.

 

Belə ki, 86 kq çəki dərəcəsində Şərif Şərifov, 125 kq-da isə Cəmaləddin Məhəmmədov ölkəmizi təmsil edib.

 

Sərbəst güləş

86 kq

Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verib. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirib. İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.

 

O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşıb. Polşalı güləşçi də həmyerlimizə ciddi müqavimət göstərə bilməyib. Nəticədə görüşü 7:0 hesablı üstünlüklə tamamlayan Şərifov adını yarımfinala yazdırıb.

 

Güləşçimizin final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olub. "Rus tankı" ləqəbli güclü rəqibi ilə mübarizədə Şərifin gücü yalnız 1 xal almağa çatıb. 1:8 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirib.

 

Onun mükafatlar uğrundakı sonuncu rəqibi venesuelalı Pedro Francisco Ceballos Fuentes olub. İlk hissədə rəqibini minimal fərqlə üstələyən Şərif ikinci hissədə fəallaşaraq fərqi artırıb və 5:1 hesabı ilə qalib gələrək bürünc mükafata sahib çıxıb.

 

125 kq

Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayıb. O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevlə münasibətlərinə aydınlıq gətirib. İlk hissəni cərimə xalı hesabına öndə tamamlayan güləşçimiz ikinci hissədə fəallığı artıraraq, daha 4 xal əldə edib. Lakin Cəmaləddin 5:0-lıq üstünlüyü sona qədər qoruya bilməyib. Dlaqnev sona yaxın ardıcıl 6 xal qazanaraq, qalib gəlib və 1/4 finala adlayıb. Amerikalı güləşçi yarımfinalda İran idmançısına məğlub olduğu üçün Cəmaləddin üçün də Olimpiada yekunlaşıb.

 

Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.

0