[b]Messini 2, “Neftçi”ni 1 dəfə sevindirən hakim[/b]
22.08.2016 - 15:13
[b]Messini 2, “Neftçi”ni 1 dəfə sevindirən hakim[/b]

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Maribor” klubu ilə avqustun 25-də keçirəcəyi cavab oyununun hakimi Viktor Kaşşai qitənin ən məşhur ədalət təmsilçilərindən biri hesab olunur. Apasport.az saytının məlumatına görə, ötən ay başa çatan AÇ-2016-nın Fransa və Portuqaliya arasında final matçında dördüncü hakim olan macar bir sıra məsul qarşılaşmalarda fit də çalıb.

 

2003-cü ildən FİFA hakimi olan Kaşşai AÇ-2016-da 3 dəfə oyun idarə edib. O, qrup mərhələsində Fransa – Rumıniya (2:1), İtaliya – İsveç (1:0), 1/4 finalda Almaniya – İtaliya (1:1, p.7:6) qarşılaşmalarında söz sahibi olub. Buna qədər AÇ-2012-nin iki, DÇ-2010-nun 4 qarşılaşmasında fit çalan macar mundialın yarımfinalında Almaniya və İspaniyanı meydana çıxarıb. İspanların minimal hesabla qalib gəldiyi görüş Kaşşainin iki ən sanballı təyinatından biridi. 2011-ci ildə Çempionlar Liqasının finalında Lionel Messili “Barselona”nın “Mançester Yunayted” üzərində 3:1 hesablı qələbəsinə də Kaşşai şahid olub.

 

AÇ-2008-də dördüncü hakim kimi iştirak edən macarıstanlının daha bir yaddaqalan finalı da Messinin iştirakı ilə baş tutub. O, Pekin-2008-də Argentina və Nigeriya arasında Olimpiya çempionunun müəyyənləşdiyi görüşdə fit çalıb. Həmin qarşılaşmada Messi və komandası 1:0 hesabı ilə qalib gəlib.

 

Avrokubokların qrup mərhələlərinin daimi iştirakçısı olan Kaşşai Azərbaycan təmsilçiləri ilə də görüşüb. Bu, uzaq 2005-ci ilə təsadüf edib. 2005/06 mövsümündə Çempionlar Liqasının “Neftçi” – “Anderlext” qarşılaşmasının baş hakimi olan referi bakılıların qələbəsini qeydə alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşüb taleyini də onun təyin etdiyi penalti müəyyənləşdirib. Vadim Borets bu imkanı qaçırmayaraq, “ağ-qaralar”ı sevindirib – 1:0. Həmin matça hər komanda bir sarı vərəqə ilə də cəzalanıb.

0