[b]Arsen Vengerin Azərbaycanda bəyəndiyi futbolçu - FOTO[/b]
24.08.2016 - 16:14
[b]Arsen Vengerin Azərbaycanda bəyəndiyi futbolçu - FOTO[/b]

“Arsenal” istedadlı gəncləri heyətinə qatmaqda davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “topçular” 20 yaşlı Robert Samuel Holdinqdən sonra daha bir müdafiəçiyə “elçi düşüb”.

 

London klubunun hədəfindəki futbolçu portuqaliyalı Ruben Vinaqredi. Bu il U-17-lər arasında Bakıda keçirilmiş Avropa çempionatında Portuqaliya yığmasının formasını geyinmiş sol cinah oyunçusu ilə “Arsenal”la yanaşı, “Mançester Siti” və “Tottenhem” də maraqlanır.

 

Ancaq bu mübarizədə “qırmızı-ağlar” daha şanslı görünürlər. Elə “Arsenal”ın baş məşqçisi Arsen Venger də yerli mətbuata açıqlamasında “Monako”nun ötən il akademiyasına cəlb etdiyi Vinaqrenin çıxışını qitə birinciliyində bəyəndiyini söyləyib: “Azərbaycanda keçirilən Avropa çempionatında onun oyununu bəyənmişdim. Vinaqre skautlarımızın həmin turnirdə diqqətini çəkən bir neçə oyunçudan biridi. Gələcəyi parlaq görünən futbolçudu. Məncə, o, hansı kluba keçsə, gələcəkdə ona böyük faydası dəyəcək”.

 

Qeyd edək ki, Portuqaliyanın U-17 yığması Bakıdakı Avropa çempionatının finalda İspaniyanı oyunsonrası penaltilərlə məğlub edərək Avropa çempionu olmuşdu.

0