[b]Kartof, göbələk yemək, qulaqcıq, beret taxmaq – qəribə qadağalar[/b]
29.08.2016 - 18:12
[b]Kartof, göbələk yemək, qulaqcıq, beret taxmaq – qəribə qadağalar[/b]

Futbol müasirləşdikdə, baş məşqçilər oyunçularına sərbəstlik verməyə üstünlük verirlər. Ancaq hələ də futbolçularına müxtəlif qadağalar tətbiq edən mütəxəssislər var.

 

Apasport.az saytı onlar arasında ən qəribə qadağaları təqdim edir:

 

Yurgen Klopp – “This is Anfield” tablosuna toxunmaq

Mövsümlərarası fasilədə Dortmund “Borussiya”sını tərk edərək “Liverpul”un “sükanı arxası”na keçən Klopp klubun ənənəsinə son qoyub. Almaniyalı mütəxəssis “Enfild Roud” stadionunun koridorunda üzərində “This is Anfield” yazılan tabloya toxunmağı futbolçulara qadağan edib. O, bu qərarını belə əsaslandırıb: “Oyunçularıma böyük uğur əldə etmədən həmin tabloya toxunmamağı tapşırdım. Bu bir hörmət əlamətidi”.

 

Devid Moyes – Kartof qızartması

“Mançester Yunayted”dəki fəaliyyəti uğursuzluqla nəticələnən Devid Moyes futbolçularına oyunlardan bir gün öncəki gecədə kartof qızartmasını qadağan etmişdi. Hazırda “Sanderlend”i çalışdıran 53 yaşlı mütəxəssis oyunçuların kökəlmələrinin qarşısını almağa çalışdığını deyib: “Bəzi futbolçularda artıq çəki olur. Kartof qızartmasının isə pəhriz yeməyi olduğunu düşünmürəm”.

 

Aleksandr Zorniger – Qulaqcıq

Bu ildən “Brondbü”nü çalışdıran Aleksandr Zorniger hələ “Ştutqart”da olarkən də futbolçularına cəmiyyət içində qulaqcıqdan istifadə etməməyi tapşırırmış. Maraqlıdı ki, 48 yaşlı məşqçi bunu xarici görünüş üçün etdiyini deyib: “165 sm-lik futbolçu başı boyda qulaqcıqdan istifadə edəndə anormal görüntü ortaya çıxır”.

 

Paolo Di Kanio – Hər şey

İtaliyalı mütəxəssis “Sanderlend”də olarkən oyunçularına ketçup, mayonez, “fast food” yemək “coca-cola” içmək, mahnı oxumaq və dedi-qodu etmək qadağası qoyubmuş. Di Kanio qərarının səbəbini bu cür izah etmişdi: “Bu, fərqli düşüncəyə sahib olmaq, peşəkarlıq üçün önəmli metoddu. Çətin, amma böyük inqilabdı. Fikirləri dəyişdirmək önəmlidi”.

 

Fabio Kapello – Barmaq arası başmaq və şort

Kapello hər zaman sərt qadağalarla yadda qalıb. Əfsanəvi mütəxəssis İngiltərə yığmasını çalışdırdığı dövrdə futbolçularına cəmiyyət arasında barmaq arası başmaqla və şortla gəzməməyi tapşırmışdı: “Çünki belə geyimdə futbolçu qeyri-peşəkar görünür”.

 

Neil Lennon – Beret

“Hibernian”ın baş məşqçisi oyunçularının soyuğa qarşı dözümlü olmasının tərəfdarıdı. Bu üzdən də o, çalışdığı komandalarda futbolçulara məşqlər zamanı baş geyimi olan beretdən istifadəni qadağan edib: “Oyunçularımın bundan istifadə etmələrini istəmirəm. Çünki oyunlarda da taxmırlar. Əgər qızışmaq istəyirlərsə, daha çox qaçmalıdılar”.

 

Tomas Şaaf – Tatu

Şaaf “Verder”də olarkən futbolçu Elyerio Elia qoluna döymə qoydurduğu üçün virusa yoluxmuşdu. Məhz həmin hadisədən sonra Şaaf hamıya bunu qadağan etmişdi: “Tatu insan həyatı üçün risklidi”.

 

Covanni Trapattoni – Göbələk

İtaliyalı mütəxəssis İrlandiya yığmasını çalışdırdığı dövrlərdə futbolçularına oyun öncəsi göbələk yeməməyi tapşırmışdı. Trapattoni bununla onları xəstəlikdən qoruduğunu düşünürdü: “Əgər göbələk yesələr, oyun zamanı qarınları ağrıya və xəstələnə bilərlər”.

 

Aleks Ferqyuson – Rəngli buts

“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi müasir dövrdə dəb halını alan rəngli butslara qarşı olardı. Şotlandiyalı “qırmızı şeytanlar”ı çalışdırdığı zaman klubun aşağı yaş qrupu oyunçularının hamısı qara rəngdə buts geyinərdi.

 

Remi Qarde – Başqa dildə danışmaq

Fransalı çalışdırıcı “Aston Villa”da olduğu qısa müddət ərzində əcnəbi futbolçuların paltardəyişmə otağında öz dillərində danışmağına qarşı çıxmışdı: “Tezliklə ingilis dilini öyrənməlidilər. Bir-biriləri ilə anlaşma üçün bu, çox önəmlidi”.

 

Pep Qvardiola – Məşqə idman avtomobili ilə gəlmək

İspaniyalı məşqçi “Barselona”nın “sükanı arxası”nda olanda futbolçularına məşqlərə lüks idman avtomobilləri ilə gəlməyi qadağan etmişdi. Sabiq “Barsa”lı Zlatan İbrahimoviç yazdığı kitabda məsələ ilə bağlı bu qeydləri aparıb: “Axmaqlıq idi. İdarə edəcəyim avtomobillə bağlı qərar vermək heç kimin işi deyil. Bu səbəbdən də oyundan əvvəlki məşqə “Ferrari Enzo” ilə getdim və bu, böyük söz-söhbətə səbəb oldu”.

 

0