[b]Ürək yarası, növbəti "qurban" və Diniyevin "çeçenka"sı[/b]
26.09.2016 - 00:00
[b]Ürək yarası, növbəti "qurban" və Diniyevin "çeçenka"sı[/b]

"Topaz" və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə baş tutan Gəncə səfəri məni 2000-ci illərin əvvəllərinə apardı. Çoxdandı ölkə çempionatında belə ajiotaj, azarkeş axını olan oyun görməmişdim.

 

Avrokubok səviyyəsində maraq

8 komandadan beşinin Bakıya toplaşması bölgələrdəki matçın həzzini artırır, növbəti belə səfər üçün insanı səbirsiz edir. Paytaxtdan fərqli, Gəncə şəhər stadionunun ətrafına yaxınlaşanda futbol izləməyə gəldiyini hiss edirsən. Arenanın həndəvərində olan onlarca polis əməkdaşı, əsgərlər və bilet alıb stadiona daxil olmaq üçün növbəyə durmağa səbri çatmayan azarkeşlər... Gəlin, etiraf edək ki, paytaxtda yalnız “Qarabağ” və “Qəbələ”nin Avrokubok görüşləri zamanı belə izdihamı müşahidə etmək olur.

 

Çılğın icra başçısı

Bakıda maksimum 50-100 nəfər sevimli komandasını dəstəkləmək üçün stadiona gəlir. Qalanları isə tum çırtlamağı matçın həyəcanından üstün tuturlar. Amma Gəncədə, demək olar bütün tribunadakılar 90 dəqiqə ərzində “Kəpəz”i dəstəklədilər, “Qarabağ”a səfər komandası olduğunu hiss etdirdilər. Təkcə azarkeşlər yox, bəzən polis əməkdaşları da iş başında olduqlarını unudur, epizodlara sərt şəkildə reaksiya göstərirdilər. Hətta Gəncənin icra başçısı Elmar Vəliyev də tez-tez həyəcanına yenik düşərək, komandasına dəstək nümayiş etdirirdi. Onun 5-10 dəqiqədən bir “pressinq, pressinq” deyərək qışqırması, azarkeşləri daha güclü dəstəyə çağırması matçı bir fanat kimi izlədiyini göstərdi. Elə qarşılaşmadan sonra da icra başçısı müsahibə almaq istəyimizi “mən bura azarkeş kimi gəlmişəm” deməklə, mədəni şəkildə geri çevirdi.

 

Media-sektor və konfrans otağındakı acınacaqlı durum

“Kəpəz” azarkeşi ilə nə qədər fəxr etsə də, onlara, futbolçulara və jurnalistlərə yaratdığı şəraitə görə, bunu tam mənada haqq etmir. Əvvəla hələ də yararsız vəziyyətdə olan, oturacaq qoyulmayan tribunaların olduğunu demək lazımdı. Ötən mövsümlə müqayisədə jurnalistlər üçün sektor ayrılsa da, burda da vəziyyət ürəkaçan deyil. İlk növbədə media-sektor adi tribunanın içində idi və bu, rahat çalışmağa mane olurdu. Masa isə o qədər ensizdi ki, əlin bir balaca toxunsa, kompüter aşağı yuvarlanıb, yararsız hala düşəcək. Həmçinin, mətbuat konfransı otağı da çox kiçik idi. O qədər kiçik ki, 4-5 oturacaq qoyduğun zaman hərəkət etmək imkanın məhdudlaşır.

 

Ot örtüyünün növbəti “qurbanı”

Futbolçulara yaradılan şəraitə gəlincə, ot örtüyü bu stadionun ürək yarası olaraq qalmaqdadı. Ötən mövsümlə müqayisə etsək, “toya getməlidi”. Amma meydançanın bəzi hissələrinin “keçəl” olması futbolçuların işini xeyli çətinləşdirir. Təbii ki, belə arena ilk növbədə “Qarabağ” kimi komandaya mane olur. Çünki oyunçular adi ötürməni qəbul etməkdə də çətinlik çəkirdilər. Bu da matçın yüksək tempdə keçirilməsinin qarşısını alırdı. Zədə təhlükəsi isə ayrı bir dərddi. Əsas milliyə 8-9 oyunçu verən, sentyabrın 29-da Avropa Liqasının qrup mərhələsində “Fiorentina”nın qonağı olacaq “Qarabağ”ın belə ərəfədə Gəncədə oyuna çıxması böyük risk idi. Düzdü, ağdamlılardan heç kimin qorxduğu başına gəlmədi. Ancaq “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev məhz ot örtüyünün “qurbanı” oldu. Adi epizodda, heç kimin toxunmadığı bir anda futbolçunun dizi qatlandı. Üzü qışa doğru getdiyimizi nəzərə alsaq, stadionun hazırkı durumuna 1-2 aydan sonra şükür etməli olacağıq.

 

“Qarabağ” dirəklərlə “döyüşdü”

O ki qaldı matça, ot örtüyünün Qurban Qurbanovun komandasının keyfiyyətli oyununa mane olacağı bəlli idi. Bura ağdamlıların beynində “Fiorentina” ilə görüşün olduğunu və zədədən qaçma istəyini əlavə etsək, qonaqların öz oyunlarını göstərə bilmədiklərini qeyd etməliyik. “Qarabağ” hələ belə oyunla da qələbə qazanmalı idi. Komanda 90 dəqiqə ərzində düz 8 real qol vəziyyətindən yararlana bilmədi. Bunun da 5-i ilk hissədə baş verdi. Maraqlıdı ki, qonaqların bütün təhlükəli həmlələri, demək olar ki, sol cinahdan olurdu. 8 qol imkanından 4-də gah dirək, gah da tir ev sahiblərini xilas etdi. “Kəpəz” isə oyun ərzində cəmi 2 qol vəziyyəti yaratdı ki, bunun birində fərqləndi, digərində dirəyə “ilişdi”. Şahin Diniyev belə oyunla 1 xal qazandığı üçün sevimli "çeçenka"sını göyə atmalıdı. “Kəpəz”in ötən mövsümdəki komanda olmadığı göz önündədi. Diniyevin yetirmələrinin bəxti onda gətirib ki, hazırda Topaz Premyer Liqasında iştirak edən 8 komandadan cəmi 3-ü normal futbol sərgləyir. Əks təqdirdə, indi qərarlaşdığı 4-cü pillə “Kəpəz” üçün xəyal olardı.

 

Ruslan SADIQOV

 

0