[b]Əfsanələşən Ukrayna “çar”ı[/b]
29.09.2016 - 16:51
[b]Əfsanələşən Ukrayna “çar”ı[/b]

Ukraynanın yetişdirdiyi ən istedadlı 2-3 futbolçu arasında adı olan Andrey Şevçenko öz dövrünün, şübhəsiz ki, ən güclü hücumçularından biri olub. Apasport.az saytı xəbər verir ki, karyerası ərzində cəmi 3 klubun formasını geyinmiş Şevanın bu gün 40 yaşı tamam olur.

 

Kiyev “Dinamo”sunun kəşfi olan “Çar” ləqəbli sabiq forvard hazırda Ukrayna millisini çalışdırır. Şevçenko Avropada “Milan” və “Çelsi”nin formasını geyinsə də, əsasən birincilərin heyətindəki parlaq çıxışı ilə azarkeşlərin sevimlisinə çevrildi. “Dinamo” və “Milan”da birlikdə 299 qola imza atdı, “Ballon d’Or” mükafatına layiq görüldü, klub karyerasında 19 kubok qazandı.

 

Yaxşısı budu, Şevanın futbolçu karyerasının ən önəmli anlarına birgə səyahət edək.

 

1. “Nou Kamp”da het-trik

Şevçenkonun Avropa futbolunda özünü təsdiq etdiyi ilk oyun kimi “Nou Kamp”dakı matç xatırlanır. “Barselona” tarixinin heç də gözəl dönəmlərində deyildi. Lui van Qalın rəhbərlik etdiyi komandada yenidənqurma işləri aparılırdı. 1997-98 mövsümündə Çempionlar Liqası macərası komandanın ürəyincə keçmirdi. “Nou Kamp” kimi bir stadionda 21 yaşlı hücumçunun 3 qol vurması onun populyarlaşmasına zəmin yaratmaya bilməzdi. Şevanın Kiyev “Dinamo”sunun heyətində həmin görüşdə başla vurduğu iki qolda qapıçı Vitor Bayanın kobud səhvləri də oldu. Düzdü, “Dinamo” 1/4 finalda “Yuventus”a məğlub oldu. Ancaq Avropa futbolu yeni ulduz qazandı.

 

2. “Lujniki”dəki dram

Ukrayna futbolu üçün qara gün idi. 1999-cu ildə Moskvada soyuq oktyabr axşamında Rusiya ilə Ukrayna AÇ-2000-ə yollanmaq uğrunda mübarizəyə çıxmışdılar. Qrup liderliyi üçün hər iki komandaya yalnız qalibiyyət sərf edirdi. Lakin 1:1 hesablı bərabərlik Fransa millisinin işinə yaradı. Ukrayna isə pley-off oyunları keçirməli oldu. Komanda bu mərhələdə Sloveniyaya ümumi hesabda 2:3 məğlub olaraq, qitə birinciliyinə yollanmaq şansını əldən verdi. Səfərdəki 1:2 hesablı yenilgidən sonra diqqətlər “Lujniki”də baş tutacaq cavab matçına yönəlmişdi. Ancaq ukraynalılar qollu bərabərliklə (1:1) hamını şoka saldılar.

 

3. “Yuventus”a mükəmməl qol

1999-cu ildə “Milan”a transfer edilən Şeva A seriyasının ən qorxulu qolçularından birinə çevrildi. İlk mövsümündə 24 qol vurmağı bacaran forvard 2000-01 mövsümündə də parlaq çıxışını davam etdirdi. İtaliyada bir-birindən gözəl qollara imza atdı, ancaq birinin yeri ayrıdı. “Yuventus”la görüşdə Edqar Davids, Çiro Ferrara, Paolo Montero və Canluka Pessottonu aldadaraq vurduğu qol hələ də yaddaşlardadı. Bir il əvvəl “Yuventus”dan uzaqlaşdırılmış Karlo Ançelottinin “Milan”la intiqamını almasında Şevçenkonun böyük rolu oldu.

 

4. Çempionlar Liqasında “İnter” zəfəri

Vurduğu 14 qolla “Milan” derbilərinin ən qolçu oyunçusu ünvanını qoruyur. “Dinamo”da olarkən “İnter”ə vurduğu 1 qolu siyahıya salmırıq. Milan şəhərinin iki nəhəng klubu 2003-cü ildə Çempionlar Liqasının yarımfinal mərhələsində üz-üzə gəldi. İlk görüşdəki qolsuz bərabərlikdən sonra cavab matçında onun qolu “rossonyerlər”i zəfərə daşıdı. İvan Kordobanı ustalıqla aldadaraq Françesko Toldonu məyus etdiyi qol komandanı finala çıxardı. Obafemi Martinsin bərabərlik topu isə heç nəyi dəyişmədi.

 

5. “Old Trafford”da tarixi penalti

Həmin mövsüm “İnter”in ardından finalda “Milan”ın rəqibi digər İtaliya nəhəngi “Yuventus” oldu. “Old Trafford”da keçirilən oyunda qol vurulmayınca, penaltilər seriyasına ehtiyac duyuldu. “Yuve” oyunçuları 3 penaltini qaçırdılar və son zərbə üçün topun arxasına Şevçenko keçdi. Zərbəsi hədəfə düşən ukraynalı komandasına Çempionlar Liqasının kubokunu qazandırdı. Şeva kuboku bir il əvvəl vəfat edən Valeri Lobanovskinin məzarına aparmağı da unutmadı.

 

6. Uğurlu və uğursuz il

Ukraynalı ulduz futbolçunun karyerasında 2004-cü ilin yeri başqadı. “Milan”ın heyətində mövsümü çempion kimi tamamlayan Şevçenko karyerasında 3-cü dəfə ili 24 qolla başa vurdu. Uğurlu mövsümün ardından “Ballon d’Or” mükafatına layiq görülən Şeva buna baxmayaraq, AÇ-2004-də iştirak edə bilmədi. Oleq Bloxin və İqor Belanovdan sonra Avropanın ən yaxşısı olmaq üçün namizəd göstərilən hücumçu SSRİ dağıldıqdan sonra bu titula sahib çıxan ilk yerli futbolçu oldu.

 

7. Kiyevdə möhtəşəm gecə

Milli səviyyəsində böyük turnirdə iştirak etməyi uzun müddət gözləyən qoleadorın xəyalları AÇ-2012-də gerçək oldu. Ölkəsinin ev sahibliyi etdiyi Avropa çempionatına zədə ucbatından qatılmamaq təhlükəsi var idi. Doğrudu, Ukrayna millisi qrupdan çıxa bilmədi. Ancaq İsveçlə görüş həm ölkə, həm də “çar” üçün möhtəşəm keçdi. Ukrayna millisinin Avropa çempionatları tarixində ilk qələbəsinin 2 qolla memarı olan Şevçenko karyerasını da mükəmməl şəkildə başa vurdu.

 

0