[b]Rikardinyo: Necə deyim ki, bu çempionat zəifdi? - MÜSAHİBƏ[/b]
01.10.2016 - 14:45
[b]Rikardinyo: Necə deyim ki, bu çempionat zəifdi? - MÜSAHİBƏ[/b]

“Qəbələ”nin braziliyalı müdafiəçisi Rikardinyonun apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Maynts”a 2:3 hesabı ilə uduzdunuz. Oyun niyə belə alındı?

- Çox güclü rəqibə qarşı mübarizə apardıq. Heyətlərində yaxşı futbolçular toplaşıb. Bu cür komandaya qarşı oynamaq bizim üçün çox çətin idi. Hesabda geri düşsək də, mübarizə apardıq, hesabı xeyrimizə dəyişdik. Bu cür komandalar yaxşı müdafiə olunmağı, müdafiə olunduqları kimi də hücum qurmağı bacarırlar. Ona görə də üstünlüyümüzü qoruya bilmədik, hesab rəqibin xeyrinə dəyişdi.

 

- Birinci hissədə “Qəbələ” zəif təsir bağışladı…

- Rəqib çox cəld idi, buraxdığımız boşluqlardan məharətlə istifadə edirdi. “Maynts”ın futbolçuları çox sürətli idi. Çünki boş əraziyə bizdən tez çatırdılar və buna görə də üstünlük qazanırdılar.

 

- Fasilədə baş məşqçi nə dedi?

- O dedi ki, boşluqları tez tamamlamaq, bağlamaq lazımdı. Çünki rəqibə imkan versən, dərhal istifadə edəcək. Baş məşqçi bizə bu cür imkanı verməməyi tapşırdı. Dedi ki, ikinci hissədə bunları yerinə yetirin. Biz də mümkün qədər tapşırığın öhdəsindən gəlməyə çalışdıq.

 

- Ardıcıl iki oyunda məğlub olmusunuz. Hazırkı məqamda mərhələ adlamaq üçün şansınız nə dərəcədə realdı?

- Rəqiblərimizə göstərdik ki, bizimlə oynamaq onlar üçün də çətindi. Güclü komandayıq. Qalan matçlarda düzgün oynasaq, bəzi səhvləri düzəltsək, yaxşı nəticə əldə edə bilərik. İndi işimiz bu görüşü təkrar izləmək, etdiyimiz səhvləri görmək, nəticə çıxarmaq və növbəti matçda təkrarlamamaqdı.

 

- Amma sabah daha bir çətin oyuna çıxacaqsınız. Bu dəfə son üç ilin çempionu “Qarabağ”a qarşı mübarizə aparacaqsınız. Bu duel haqda nə düşünürsüz?

- Təbii ki, çətin oyun olacaq. Bu komandanın oyunlarını izləmişik. Avropa Liqasının qrup mərhələsində də çıxış edirlər. Güclü və səhsiz oynamalıyıq. Çalışmalıyıq ki, onlara istifadə edə, təhlükə yarada biləcəkləri epizodlar verməyək. Əlbəttə, qələbə qazanmaq şansımız var. Niyə də bu şansdan istifadə etməyək? İşimiz zirvədəki yerimizi qorumaq olacaq.

 

- Birinci dövrənin son turudu və əksəriyyət çempionluq uğrunda mübarizənin “Qarabağ” və “Qəbələ” arasında gedəcəyini bildirir. Siz də belə düşünürsüz?

- Niyə ki? Bu oyunu final matçı adlandırmaq olmaz. Amma çox vacib görüşdü. Hazırda “Qarabağ”dan çox xal toplamışıq. Üstəlik, doğma meydanda oynayacağıq. Heyətimizdə yaxşı futbolçular var. Çalışacağıq ki, çoxlu hücumlar quraq, müdafiədə isə inamlı çıxış edək. Hər dəqiqədən istifadə etməliyik.

 

- Ötən çempionatla müqayisədə Premyer Liqanın bir qədər zəiflədiyini düşünmək olarmı?

- Hər iki mövsüm çətin keçir. İndidən müqayisə aparmaq düzgün olmazdı. “Qarabağ” kimi güclü heyətə malik, yeni transferlərlə güclənmiş rəqib var. Belədə necə deyim ki, bu çempionat zəifdi? Hər oyun bizim üçün çox vacibdi. 

0