[b]“...mən bunu vəhşilik kimi qəbul edirəm” – Aleksey Qay[/b]
23.10.2016 - 14:28
[b]“...mən bunu vəhşilik kimi qəbul edirəm” – Aleksey Qay[/b]

“Qəbələ”yə keçəndə maddi məsələlər haqqında düşünmürdüm. Mənim hər zaman fikrim belə olub ki, futbola qazanc kimi baxmamışam. Pul mənim üçün stimul və motivasiya deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı futbolçu Aleksey Qay deyib.

 

İki mövsüm “Qəbələ”də çıxış etmiş, hazırda isə Rusiya birinci divizionunda mübarizə aparan “Kuban”da oynayan yarımmüdafiəçi yerli “sports.ru” portalına geniş müsahibəsində Azərbaycanda oynadığı zamanlardan və “Qəbələ”dən danışıb.

 

Təcrübəli oyunçu ölkəmizdən nə üçün ayrıldığı haqqında suala belə cavab verib: “Klubla anlaşmam başa çatırdı, ancaq rəhbərlikdən heç kim mənimlə yeni müqavilə barəsində danışmamışdı. Hiss edirdim ki, həvəssizdilər. Hətta vəziyyət o yerə çatdı ki, öz-özümə daha burda oynamayacam dedim. Bununla belə, klubdan heç bir incikliyim yoxdu. Onlara təşəkkür edirəm ki, mənə hər bir şəraiti yüksək səviyyədə yaratmışdılar. Azərbaycanda iki gözəl mövsüm keçirdim”.

 

Bir zamanlar “Şaxtyor”la birlikdə UEFA Kubokunun qalibi adını qazanmış Qay ölkəmizdə onu ən çox nəyin təəccübləndirdiyi haqqında da danışıb: “Ordakı jurnalistlər də məndən bunu soruşurdular. Azərbaycanlılar belədilər ki, onlar və ölkələri haqqında mənfi nəsə deyəndə inciyirlər. Məsələn, mən onların maşın sürmələri haqda demişdim ki, yolla gedərkən sənin zolağından əks istiqamətdə maşın çıxa bilər. Çünki 20-30 metr sonra sağa dönmək lazımdı. Onlar bunu normal qarşılasa da, mən vəhşilik kimi qəbul edirəm. Ancaq sonradan müsahibəyə gələn şərhləri internetdə oxuyarkən çoxlu incik reaksiya ilə rastlaşdım. Onların qəribə xüsusiyyətlərindən biri də kənar şəxslərin dediklərini ürəklərinə salmasıdı”

 

Aleksey Qay iki mövsüm formasını geyindiyi “Qəbələ”, klub rəhbərliyi və baş məşqçi Qriqorçuk haqqında fikirlərini də rus həmkarlarımızla bölüşüb: “Maliyyə böhranı bir çox postsovet ölkələri kimi Azərbaycana da təsir etdi. Buna görə də yerli futbolda pul azalıb. “Neftçi” və “İnter” kimi aparıcı klublar zəiflədilər. Əvəzində isə Azərbaycanda “Qəbələ”, Ağdamın “Qarabağ” klubları önə çıxdılar. “Qəbələ”ni üst yerlərdə görmək istəyən gənc, iddialı sahibi var. O, kluba Roman Qriqorçuk kimi tanınmış məşqçi dəvət edib. Məni də ora Roman İosifoviç dəvət etdi. Birlikdə çox yaxşı zaman keçirdik”.

0