[b]Cüdoçumuz Avropa çempionu oldu! - VİDEO[/b]
11.11.2016 - 21:26
[b]Cüdoçumuz Avropa çempionu oldu! - VİDEO[/b]

Bu gün İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 5 idmançısı nəyə qadir olduğunu göstərib.

 

 

60 kq

Gələcəyinə böyük ümidlər bəslənilən Mehman Sadıqovun ilk qarşılaşması 1/16 finala təsadüf edib. Həmyerlimiz mərhələ adlamaq üçün Nikolae Foka (Moldova) ilə münasibətinə aydınlıq gətirib. Döyüş cüdoçumuz üçün uğurlu alınmayıb. Sadıqov 69 saniyəyə ippona düşüb.

 

Yığmamızın digər üzvü Davud Məmmədsoy isə startda erməni Şahen Abaqyanla üz-üzə gəlib. Həmyerlimiz düşmən ölkə təmsilçisini tatamiyə çıxmağa peşman edib. Rəqibini yuko ilə məğlub edərək, mübarizədən kənarlaşdıran Məmmədsoy 1/8 finalda Yorre Verstraetenlə (Belçika) qarşılaşıb. Lakin o, bu dəfə məğlubiyyətə üzülüb.

 

66 kq

Telman Vəliyev 1/32 finalda macarıstanlı Martin Veqvarini sınağa çəkib. Görüş idmançımızın asan qələbəsi ilə yekunlaşıb. İpponla qalib gələn Vəliyev 1/16 finalda  türkiyəli Bilal Ciloğlu ilə mübarizə aparıb. Telman bu dəfə də uğurunu davam etdirib.

 

Qonşu ölkə təmsilçisini də yarışdan kənarlaşdıran təmsilçimiz növbəti döyüşündə Alberto Qaitero (İspaniya) ilə üz-üzə gəlib. Bu rəqib də onun üçün keçilməz olmayıb. Gərgin keçən görüşdən qalib ayrılan Vəliyev 1/4 finalda Matteo Medvesi (İtaliya) tatamiyə dəvət edib. O, cəmi 104 saniyəyə adını növbəti mərhələyə yazdırıb.  Telman final üçün moldovalı Denis Vieru ilə güləşib. Lakin qələbə seriyasını davam etdirə bilməyən cüdoçumuz mərhələ adlaya bilməyib.

 

Məğlubiyyətə baxmayaraq, Vəliyev bürünc medal uğrunda mübarizəni davam etdirib. O, 3-cü yer üçün Aleksander Raskopine ilə qüvvəsini sınayıb. Təmsilçimiz bu görüşdə məğlub olaraq beşinciliklə kifayətlənməli olub. 

 

73 kq

Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov 1/16 finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayaıb. İdmançımız rəqibinə heç bir şans verməyib. 107 saniyəyə ipponla qalib gələn Heydərov 1/8 finalda belçikalı Lois Demierbe qarşılaşıb. O, bu rəqibini də vaxtından əvvəl tatamidən uzaqlaşdırıb. Hidayət 1/2 finala gedən yolda Akil Qyakova (Kosovo) ilə qüvvəsini sınayıb. Kosovalı cüdoçu da onu saxlaya bilməyib. Heydərov yenə ipponla qalib gəlməklə, yarımfinalda iştirak hüququ qazanıb.

 

O, rusiyalı Ondar Sayanla döyüşüb. Həmyerlimiz şimal qonşumuza da gücünü göstərib və finala vəsiqə qazanıb. Hidayət həlledici görüşdə Tohar Butbulü (İsrail) sınağa çəkəcək. Rəqibini ipponla məğlub edən Heydərov Avropa çempionu olub.

 

Bu çəkidə digər təmsilçimiz Fəqan Quluzadə isə startda serbiyalı Milan Nikoliçə uduzub.

 

Qeyd edək ki, yığmamız Avropa çempionatına 9 cüdoçu ilə yollanıb. Yarışın ikinci günündə daha 4 təmsilçimiz mübarizəyə qoşulacaq.

 

 

0