[b]Metala çevrilən medal: İmtina onun vicdanına yazılır[/b]
22.11.2016 - 11:46
[b]Metala çevrilən medal: İmtina onun vicdanına yazılır[/b]

İstifadəsi qadağan olunan dərman preparatlarından istifadəyə görə 2008-ci ildə Pekində keçirilmiş Yay Olimpiya Oyunlarının gümüş mükafatından məhrum edilən Azərbaycan güləşçisi Vitali Rəhimov medalı qaytarmayacağını açıqlayıb. Apasport.az saytının məlumatına görə, olimpiya mükafatçısı adından məhrum olan idmançının medalı qaytarmamağı dünya praktikasında da adi haldı.

 

Dünya mətbuatında bu məsələ ilə bağlı araşdırmaları gözdən keçirsək, aydın olar ki, əksər idmançılar mükafatını özündə saxlayır. Buna səbəb qaydalarda medalın alınması yolları əksini tapmayıb.

 

Düzdü, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ölkələrdəki analoji qurumlardan, sonuncular isə idmançılardan mükafatı tələb edir. Atletlərin ömürlük cəzalandırılması da gündəmdə olur. Lakin karyerasını bitirən və ya onsuz da cəzalanan idmançının nədən qorxusu qalıb ki, medalını da əldən versin.

 

Amma karyerasını davam etdirmək, təmiz adı ilə yeni nailiyyətlər qazanmağa iddialılar bu addımı atırlar. Səbəb isə ömürlük cəzadan yaxa qurtarmaqdı.

 

Daha çox idmançısının medaldan məhrum olunduğu Qazaxıstanda məsələ daha dərindən araşdırılıb. Düzdü, bu ölkənin idman və mədəniyyət naziri Aristanbek Muxamedkulı idmançıların medal qaytarmaq hüququnun olub-olmadığı haqda məlumatsızlığını açıqlayıb. Lakin onun müavini Sajen Musaybekov məsələyə tam aydınlıq gətirə bilib.

 

O bildirib ki, heç kim idmançının medalını zorla əlindən ala bilməz. Heç bir əhəmiyyət kəsb etməyən və adi dəmir parçasını xatırladan medalı heç əksər atletlər də qaytarmayıb. Nazir müavini noyabrın əvvəlindəki açıqlamasında faktları da ortaya qoyub: “Cəzalanan 15 amerikalıdan yalnız 4-ü medalını qaytarıb. 14 rusiyalı və 11 bolqarıstanlının heç biri bu addımı atmayıb. Bir sözlə, BOK-un qərarına kütləvi əməl etməmək tendensiyası formalaşıb. Bu, idmançının şəxsi qərarıdı. Əgər imtina edirsə, bu, onun vicdanına yazılır. Medalı saxlasa da, dəyərsiz bir şey kimi qalır. Rəsmi addan məhrum edilən idmançı həmin mükafatı yalnız xatirə kimi saxlayır”.

 

Qazaxıstanlı məmur onu da vurğulayıb ki, idmançılara verilən pul mükafatlarının geri istənilməsi heç müzakirə mövzusu da deyil. Lakin bu ölkədən olan bəzi idmançılar Tokio-2020 xəyalı ilə yaşadığından medalını qaytarmağa razılıq verib. Digərləri isə özləri qərar verəcək.

 

Medalı BOK-a qaytarılması Olimpiya xartiyasında əksini tapdığından, bu, daha çox mənəvi məcburiyyət daşıyır. Yəni, idmançılar olimpiya hərəkatına, idman prinsiplərinə hörmət kimi mükafatı verməlidi. Amma bəzi atletlər bunu fərqli də yozur. Çünki medalı qaytarmaq hardasa günahı etiraf etmək, qərarla razılaşmaq anlamına da gəlir.

 

Elə rusiyalı idmançılar da məsələyə bu prizmadan yanaşır. Nüvə itələmədə Afina-2004-ün qalibi olan İrina Korjanenko da bunu əsas gətirir. Elə yarışın ardından onun medalını almaq istəsələr də, mükafatı qardaşı ilə Yunanıstandan Rusiyaya yolladığını iddia edən idmançı 12 ildi MOK-un istəyinə əməl etmir: “Məni başa saldılar ki, adımı ləkələmək məqsədilə başqasının probunu test ediblər. Bunu da heç kimə sübut edə bilməyəcəyimi dərk edirdim. Medalı qaytarsam isə onlarla razılaşmış kimi olaram”.

 

Elə Yunanıstandakı Olimpiadanın medalından məhrum edilən 15 atletin də heç biri dişlədiyi dəmiri əlindən verməyib. Göründüyü kimi, Vitali nə birinci, nə də sonuncudu.

 

Atletikanın estafet yarışında Sidney-2000-in çempionu adını qazanıb, sonra bundan məhrum edilən amerikalı Cerom Yanq isə ömürlük cəza alandan sonra nə BOK, nə də İAAF-dan çəkinməyə bir yeri qalmayıb. O, rəsmən də mükafatını heç kimə verməyəcəyini dəfələrlə açıqlayıb.

 

Əslində, BOK dopinqdə ilişən idmançıların təkcə medal deyil, diplom və nişanlarını da qaytarmasını milli olimpiya komitələrindən tələb edir. Rusiya Olimpiya Komitəsi də idmançılardan bunları yığmağa çalışsa da, səyləri boşa çıxır.

 

Nizə atıcılığında olimpiya medalı qazanan Mariya Abakumova hələ ötən ay verdiyi müsahibədə addımını belə izah etmişdi: “Onsuz da BOK-da artıq, əlavə medallar olur və sonradan mükafatçı elan edilənlərə yenisini verirlər. Üzərində mənim ad-soyadım həkk edilən və dişlənmiş, illər ərzində köhnəlmiş medal kimin nəyinə lazımdı? Mənə maraqlıdı ki, bəs mənim qaytaracağım medalı nə edəcəklər?”

 

Bütün bunlar bir daha onu göstərir ki, medalın taleyi idmançının öz əlindədi. O, heç bir əhəmiyyət kəsb etməyən metalı özündə saxlaya bilər. Təbii ki, ömürlük cəzalanmaq qorxusu yoxdursa.

 

Rəhimov isə belə cəzadan çəkinəsi deyil. Çünki Yunan-roma güləşçimiz karyerasını çoxdan bitirib. Əgər ABŞ, Rusiya kimi nəhəng idman ölkələrində medal qaytarılmırsa, Vitali də həmin addımı ata bilər. Düzdü, artıq onun saxladığı metal parçasını medal da adlandırmaq olmur. Artıq bu, heç bir dəyəri olmayan metal parçasından - şirin uğuru, eyni zamanda, acı qərarı özündə əks etdirən xatirədən başqa bir şey deyil.

0