[b]"Yalan danışmaqla yerini möhkəmləndirir" - Anar Salmanov[/b]
09.12.2016 - 16:16
[b]"Yalan danışmaqla yerini möhkəmləndirir" - Anar Salmanov[/b]

“Xaqani Məmmədovun yalan danışması birinci dəfə deyil ki. Onun yalanları 8 ildi davam edir”. Bu sözləri apasport.az saytına açıqlamasında sabiq FİFA referisi Anar Salmanov deyib.

 

AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun FİFA referisi Əliyar Ağayevin I kateqoriyaya keçdiyi barədə yaydığı xəbər təsdiqini tapmayıb. Belə ki, bu gün açıqlanan 2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları siyahısında Əliyar Ağayevin II kateqoriyada qaldığı göstərilib. Bu isə Xaqani Məmmədovu yenidən əsas tənqid hədəfinə çevirib.

 

Məsələ ilə bağlı danışan Anar Salmanov da sabiq sədrini tənqid edib: “Artıq hamıya məlum olub ki, bu insanda düzgünlük deyilən şey yoxdu. Xaqaninin işi odu ki, ancaq yalan danışsın, kiminsə qabağa getməsindən süni istifadə edib hörmət qazansın və vəzifədə otursun. Fikirləşmir ki, bu gün vəzifədə otursa da, sabah orda olmayacaq. Vəzifə sahibi olanda hörmət qazanmalı, nüfuzunu boş yerə xərcləməməlisən. Hakimlər Komitəsinin sədri kimi gördüyü işlərin nəticəsini göstərmək istəyirdi, buna görə dedi ki, Əliyar Ağayev I kateqoriyaya keçib. Əliyar hakimlikdə öz hörmətini qazanıb. Beynəlxalq arenalarda o səviyyədə çıxış etməsi göstərir ki, Əliyar I kateqoriyaya və ondan da artığına layiqdi. Amma belə məsələlərə qeyri-ciddi yanaşmaq olmaz. Xaqani öz işinə qeyri-ciddi yanaşır. Əgər UEFA tərəfindən bu, rəsmi olaraq təsdiqlənməyibsə, sən kimsən ki, çıxıb 9 milyon əhaliyə yalan danışırsan? UEFA-nın da qulağı var, eşidir. Bu, ciddi məsələdi. Durub ictimaiyyətə yayır ki, belədi, bu gün də yalan dediyi üzə çıxır. Olmazdı ki, təsdiqlənməyini gözləyərdi, sonra açıqlayardı? Bu, biabırçılıqdı”.

 

Salmanov HK sədrinin ölkə çempionatının XIII turunun “Qarabağ” – “Qəbələ” matçındakı qalmaqalı unutdurmaq üçün yalan danışdığını istisna etməyib: “Ola bilər ki, məqsədi bu olub. Çıxıb camaata nağıl danışır. Deyir ki, komandalar maariflənməlidi. Nə ilə maariflənməlidilər, Oyun Qaydaları ilə? Maariflənmək yaxşı şeydi. Amma qaydalardan heç özünün xəbəri yoxdu. Xaqani elə deməklə həm “Qarabağ” – “Qəbələ” matçındakı qalmaqalı unutdurmaq, həm də öz yerini möhkəmləndirmək istəyirdi. Belə etməklə Əliyar Ağayevi həvəsdən salır, onun psixologiyasına təsir edir. UEFA təsdiq etməyibsə, camaata nağıl danışmaq lazım deyil. UEFA-da balaca şəxslər oturmayıb. Onların səviyyəsi də, biliyi də Xaqani Məmmədovun səviyyə və biliyindən artıqdı. Onlar istəyirlər ki, perspektivli hakimi pillə-pillə qaldırsınlar. Əliyarın indi də şansı var idi, amma UEFA məsləhət gördü ki, I kateqoriyaya keçməsini 6 ay sonraya, yəni yaya saxlasın. Əliyar qabağa getməlidi. Bizə imkan vermədilər, heç olmasa bu uşağa imkan verilməlidi. Hansı ölkədə Hakimlər Komitəsi qabaqcadan belə məsələni açıqlayır?”.  

 

Sabiq FİFA referisi qeyd edib ki, Xaqani Məmmədov istefa verməlidi: “Valentin İvanov kimi özünə hörmət edən şəxs “Spartak” – “Zenit” oyunundan sonra gördü ki, hakimlərə verdiyi dərslər, təlimatlar yerinə yetirilməyib, ərizəsini yazıb getdi. Yəni özünə hörmət edən şəxs çoxdan getməlidi. İnsanda bir sifət olar. Gərək öz nüfuzunu qoruyasan. Xaqani öz xoşu ilə getmirsə, bizə qalır təkcə gözləmək. Bu gün rəhbərlik hakimlərin inkişafı üçün hər cür şərait yaradıb. Faktiki olaraq, rəhbərlik də görür ki, bu qədər qayğının qarşılığında heç nə yoxdu. Xaqani Məmmədovun yalanları ictimaiyyətin gözündən qaça bilməz”.

0