[b]“Xaqani Məmmədovun üstünə getdik ki, belə olmaz, sıxırsız bizi” - LAYİHƏ[/b]
23.12.2016 - 18:47
[b]“Xaqani Məmmədovun üstünə getdik ki, belə olmaz, sıxırsız bizi” - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. Layihənin doqquzuncu yazısı "Bir fitin fəsadları: ölkəni futbolsuz qoyan matçın izi ilə" adlanır. 

 

Söhbət 2001/02 mövsümündə, "altılıq" mərhələsində keçirilmiş "Şəfa" - "Xəzər Universiteti" matçından gedir. Azərbaycan futbolu tarixində ən böyük qalmaqal məhz bu görüşdə baş verib. Belə ki, “Şəfa” stadionunda (indiki "İnter Arena") keçirilmiş qarşılaşmadan sonra çempionat dayanıb, ölkəmizdə 1 ildən çox futbol olmayıb.

 

Hər şey matçın baş hakimi Xaqani Məmmədovun 90+8-ci dəqiqədə “Xəzər Universiteti”nin qapısına təyin etdiyi penaltidən sonra baş verir. Belə ki, “Şəfa”nın hücumçusu Samir Musayev rəqib futbolçu ilə mübarizədə yerdə qalır, Hakimlər Komitəsinin hazırkı sədri isə ağ nöqtəni göstərir. “Tələbələr”in etirazları fayda vermir. Mübahisəli penaltini Tərlan Əhmədov dəqiq yerinə yetirməklə, “Şəfa”ya 1:0 hesablı qələbə qazandırır.  

 

Matçın protokolu

 

“Şəfa” – “Xəzər Universiteti” – 1:0

Qol: Tərlan Əhmədov, 90+8 (pen.)

“Şəfa”: 1. Vitali Kovalyov, 2. Füzuli Məmmədov, 3. Mixail Kitelman, 4. Tərlan Əhmədov (k), 6. Rəşad Sadiqov (9. Səbuhi Sadiqov, 46), 7. Samir Musayev, 8. Emil Kitelman (17. Ruslan Musayev, 57), 10. Emin İmaməliyev, 12. İlyas Qurbanov, 18. Ramin Quliyev, 5. Adil Şükürov (11. Sənan Qurbanov, 67)

“Xəzər Universiteti”: 1. Timuri Çilaidze, 3. Mikayıl Namazov, 6. Zahir Əsgərov, 10. Aqşin Ömərov (9. Elşən Məmmədov, 61), 11. Zaur Həşimov, 17. Rəşad Abdullayev, 13. Vüqar Qurbanov (7. Anar Vəliyev, 88), 14. Samir Xairov, 25. Ruslan Qafitullin (24. Elbrus Məmmədov, 73), 22. Mahir Əliyev, 8. Elmar Baxşıyev (k)

Baş hakim: Xaqani Məmmədov

Sarı vərəqə: M. Kitelman, 13; İ. Qurbanov, 47 – R. Qafitullin, 28; R. Abdullayev, 33

2 aprel, 2002-ci il. “Şəfa” stadionu, 200 tamaşaçı

 

“Xəzər Universiteti”nin narazılığına digər klublar da qoşulurlar. Onlar AFFA-nın qeyri-rəsmi komandası saydıqları “Şəfa”nın qabağa çəkilməsi iddiası ilə çıxış edərək, federasiyaya şikayət məktubu ünvanlayırlar. Cavab gələnədək, növbəti turun oyunlarına çıxırlar. Vəziyyətin düzəlmədiyini gördükdə isə AFFA-nın bayrağı altında keçirilən yarışdan imtina edirlər. “Altılıq” mərhələsinin IV turu çərçivəsində cəmi 1 oyun – “Şəfa” – “Kəpəz” matçı baş tutur. Nəticədə çempionat yarımçıq dayandırılır. FİFA və UEFA-nın tətbiq etdiyi sanksiyaya əsasən, klublarımız 2 mövsüm avrokuboklardan kənarda qalırlar.

 

Azərbaycan çempionatı

2001/02 mövsümü, “altılıq” mərhələsi

I tur

 

23 mart

“Şəfa” – “Neftçi” - 0:0

“Xəzər Universiteti” – “Qarabağ-Azərsun” - 1:1

“Şəmkir” – “Kəpəz” - 4:1

 

24 mart

OMİK – “Şahdağ” - 3:2

“Dinamo-Bakılı” – “Turan” - 0:1

 

II tur

 

31 mart

“Ümid” – OMİK - 0:3

“Şahdağ” – “Dinamo-Bakılı” - 3:0

 

2 aprel

“Neftçi” – “Kəpəz” - 0:0

“Qarabağ-Azərsun” – “Şəmkir” - 0:2

“Şəfa” – “Xəzər Universiteti” - 1:0

 

III tur

 

6 aprel

“Xəzər Universiteti” – “Neftçi” - 0:1

“Kəpəz” – “Qarabağ-Azərsun” - 3:0

“Şəmkir” – “Şəfa” - 1:0

“Dinamo-Bakılı” – “Ümid” - 0:3

“Turan” – “Şahdağ” - 3:2

 

IV tur

 

12 aprel

“Şəfa” – “Kəpəz” - 0:0

 

1-6-cı yerlər uğrunda

1.

Şəmkir

3

3

0

0

7-1

9

2.

Neftçi

3

1

2

0

1-0

5

3.

Kəpəz

4

1

2

1

4-4

5

4.

Şəfa

4

1

2

1

1-1

5

5.

Xəzər Universiteti

3

0

1

2

1-3

1

6.

Qarabağ-Azərsun

3

0

1

2

1-6

1

 

7-11-ci yerlər uğrunda       

7.

OMİK

2

2

0

0

6-2

6

8.

Turan

2

2

0

0

4-2

6

9.

Şahdağ

3

1

0

2

7-6

3

10.

Ümid

2

1

0

1

3-3

3

11.

Dinamo-Bakılı

3

0

0

3

0-7

0

 

“Hamı kimi, mən də etiraz etdim”

İndi isə keçək qalmaqallı görüşlə bağlı fikirlərə. İlk həmsöhbətimiz "Xəzər Universiteti"nin kapitanı olmuş Elmar Baxşıyevdi: "Həmin qalmaqallı oyunun iştirakçısı idim. Yadımdadı ki, "Şəfa" komandasının yerinə yetirdiyi aut atışından sonra ikili mübarizədə Samir Musayev yıxıldı. Xaqani Məmmədov penalti nöqtəsini göstərəndə hamı kimi, mən də etiraz etdim. O anda emosiyanı cilovlamaq mümkün olmur. Penaltini Tərlan Əhmədov yerinə yetirdi, oyun bitdi. Matçdan sonra klubun prezidenti Hamlet İsaxanlı çempionatdan çıxmaqla bağlı qərar verdi. Klub şəklində etiraz etdik, digər komandalar da bizə qoşuldular. Nəticədə çempionat dayandı".

 

“Ara qarışdı, hay-küy düşdü"

Hazırda AZAL klubunun formasını geyinən Rəşad Abdullayev vaxtilə "Xəzər Universiteti"nin aparıcı oyunçularından olub. Təcrübəli yarımmüdafiəçi bildirir ki, hakimlərin həmin ərəfədə "Şəfa"ya simpatiyası açıq-aşkar sezilirdi: "O vaxt ən cavan kollektiv bir "Xəzər Universiteti" komandasında idi, bir də "Şəfa"da. Millinin oyunçuları həmişə "Şəfa"da yığışırdılar. Onlarla oyunun gedişində gördük ki, hakim bizi sıxır. Ən böyük narazılıq isə 90+8-ci dəqiqədə hakimin qapımıza penalti verməsi ilə bağlı oldu. Matça 5 dəqiqə artırılmışdı, amma o müddətdən çox oynadıq. Hakim penalti təyin edəndə meydanda idim. Matçın sonu idi, istər-istəməz güclü narazılıq oldu. Bəlkə də, oyunun ortası olsaydı, həmin anlar baş verməzdi. Sadəcə, əlavə dəqiqələr çox çəkdi və hakim penalti təyin edincə, ara qarışdı, hay-küy düşdü. Hamımız cavan uşaq idik, biri o yanda ağlayırdı, biri bu yanda. Hərəmizin 20-21 yaşı var idi. Penalti təyin etdiyi üçün Xaqani Məmmədovun üstünə getdik. Təzyiq göstərdik ki, belə olmaz, cavanıq, sıxırsız bizi. O isə dedi ki, penalti var idi, verməliydim. İlk etiraz bizdən gəldi, ondan sonra səhv etmirəmsə, 1 tur keçirildi. Rəhbərlik də dedi ki, komandaya qarşı haqsızlıq oldu. "Xəzər Universiteti"nin prezidenti Hamlet İsaxanlı ilə yaxşı münasibətlərimiz var idi. Rəhbərlikdə qərarlaşan şəxslər təmiz, dürüst adam idilər. Dedik ki, belə davam etsək, bizi "altılıq"da oynamağa qoymayacaqlar. O biri klublar da etirazımıza qoşuldular. Yəni təkcə "Xəzər Universiteti"nin təşəbbüsü olmadı, digər komandalar da ayağa durduğu üçün çempionat dayandı. Görünürdü ki, "Şəfa"nı qabağa dartırlar. Məhz buna görə hamı ayağa qalxdı. Çempionatın dayanması təbii ki, biz futbolçuların ziyanına oldu. Bəziləri İrana getdilər, mən özüm isə 2 il futzal oynamaq məcburiyyətində qaldım".

 

"Kitabı gətirib başlayacaq ki..."

"Xəzər Universiteti"nin formasını geyinmiş və matçın iştirakçısı olmuş Zaur Həşimov karyerası ərzində bir neçə dəfə qalmaqallı oyunlarda meydanda olub: "Qalmaqal mənasında tarixə düşən bütün matçlarda iştirak etmişəm. "Şəfa"nın heyətində "Turan"a qarşı oynayırdıq. 1:0 hesabı ilə öndə idik. Matçın son dəqiqələrində kornerdən sonra ara qarışdı, aləm dəydi bir-birinə. Nəticədə hesabı 1:1 etdilər. Sonra yaxın keçmişdə Suraxanıda "Qarabağ"ın heyətində "Rəvan"a qarşı oynayırdıq. Birinci hissə bitdi, getdik paltardəyişmə otağına. Məlum oldu ki, hakim ilk hissəni 3 dəqiqə tez bitirib. Fasilədən sonra əvvəlcə birinci hissənin sonunu oynadıq, sonra keçdik ikinci hissəyə. O ki qaldı "Şəfa" - "Xəzər Universiteti" matçına, həm oyunun iştirakçısı olmuşam, həm də o görüşün videoyazısına baxmışam. Samir Musayev yıxıldı, Xaqani Məmmədov isə penalti nöqtəsini göstərdi. Samirin yıxıldığı epizod dəqiq yadımdadı, simulyasiya idi. O epizodda penalti yox idi. Xaqani Məmmədova desək, kitabı gətirib başlayacaq ki, filan bəndə görə, elə olmalı idi. Amma o oyuna baxan insanlar da penaltinin olmadığını demişdilər. Əks təqdirdə, digər klublar ayağa qalxıb, etiraz etməzdilər".

 

"Vay" deyib, əlini başına tutdu

"Xəzər Universiteti"nə məhz "Şəfa"dan keçən Həşimov qeyd edir ki, həmin ərəfədə klublar öz futbolçularını milliyə buraxmayıblar: "Komandamızı Böyükağa Ağayev çalışdırırdı. İndiyə qədər yadımdadı ki, hakim oyunun əsas vaxtına 5 dəqiqə artırmışdı. Dördüncü hakim tablonu göstərəndə Böyükağa müəllim "vay" deyib, əlini başına tutdu ki, niyə 5 dəqiqə artırmısan? 90+8-ci dəqiqədə isə penalti təyin edildi. Ona kimi hesab 0:0 idi. Tərlan Əhmədov penaltini yerinə yetirdi və qol oldu. Sonra çempionat dayandı, qocaman futbolçularımızın çoxu karxanada işləməyə başladı. Aləm dəymişdi bir-birinə. Klublar çempionatı boykot etdilər, öz oyunçularını əsas və 21 yaşadək futbolçulardan ibarət milliyə verməməyə başladılar. Əməlli-başlı narazılıq oldu. Etirazlara qoşulmayan klub qalmamışdı. Aydın məsələdi ki, hamı federasiyanın prezidentinə qarşı ayağa qalxmışdı. "Şəfa" AFFA-nın komandası idi, etirazlar da sırf Fuad Musayevə yönəlmişdi. Həmin oyundan sonra milli komandaya icazəsiz getdiyimə görə, klub tərəfindən cəzalandırıldım, 2 aylıq maaşım tutuldu".

 

"Əziyyət çəkdik, amma dözmək lazım idi"

Klublar çempionatı boykot edəndən sonra futbolçuların güzəranı əməlli-başlı çətinləşir. Həşimov həmin günləri belə xatırlayır: "Çempionat dağıldığından, 2001/02 mövsümünün göstəriciləri arxivə düşmədi. Halbuki həmin mövsümdə bir neçə oyun keçirib, qollar vurmuşdum. Çempionat dayananda 21-22 yaşım var idi. Futbolu atmaq barədə fikirləşmirdim, ancaq dözmək lazım idi. İkincisi də, həmin vaxt ölkədə vəziyyət yaxşılığa doğru gedirdi. Dözməyimizin, səbr etməyimizin bəhrəsini gördük. 2004-cü ildən sonra tam başqa cür oldu. Ona kimi isə vəziyyət acınacaqlı idi. "Şəfa" - "Xəzər Universiteti" oyunundan sonra içi mən qarışıq, hamımız bir müddət əziyyət çəkdik”.

 

“Bir "çp" axtarırdılar ki, çempionatı dayandırsınlar”

Növbəti həmsöhbətimiz həmin oyunda "Şəfa"ya 11 metrlik cərimə zərbəsi qazandırmış Samir Musayevdi. İllər sonra qalmaqallı görüşlə bağlı danışan keçmiş hücumçunun penalti epizodu haqda fikirləri maraq doğurmaya bilməz: "Ramin Quliyev aut atdı, Sənan Qurbanov ötürdü verdi, mən də topu götürüb, yıxıldım. Penaltini vuran futbolçu isə Tərlan Əhmədov oldu. Bilirəm ki, rəqib futbolçular hakimin o qərarı ilə razılaşmadılar. Elə bir epizod idi ki, hakim penalti verə də bilərdi, verməyə də. Amma əvvəlcədən deyilsin ki, get, orda yıxıl, penalti olacaq, elə bir şey yox idi. Sadəcə, mən yıxıldım, hakim də ağ nöqtəni göstərdi. Var idi, yox idi, bunu Xaqani Məmmədovun insafına buraxıram. Komandaların etirazı ancaq onunla bağlı idi ki, Fuad Musayevi çıxartsınlar. Bir "çp" axtarırdılar ki, çempionatı dayandırsınlar. Deyirlər ki, o mövsümdə hakimlər "Şəfa"nı qabağa çəkirdilər. Mən elə şey hiss etmirdim. Hamımız cavan uşaqlar idik, meydana çıxıb oynayırdıq. Heç vaxt deyilmirdi ki, belə olacaq, elə olacaq. "Şəfa"ya qarşı simpatiya olsaydı, çempion olardıq. Sadəcə, hamı Fuad Musayevə qarşı yönəlmişdi. Etirazlardan sonra çempionat dayandırıldı. Yadımdadı ki, həmin müddətdə 2 turnir keçirildi. Birini "Qarabağ", digərini "Neftçi" təşkil etdi. "Qarabağ"ın təşkil etdiyi turnirə elə Ağdam klubunun heyətində qatıldım və bombardir oldum".

 

“Özbaşınalıq o həddə çatmışdı ki...”

əfa" - "Xəzər Universiteti" matçı ilə bağlı Tahir Süleymanov da danışdı. Sabiq FİFA referisi qalmaqallı görüşü yaxşı xatırladığını bildirərək, futbolumuzun həmin dövründəki çatışmazlıqlarından söz açdı: "Həmin ərəfədə Azərbaycan futboluna dövlət qayğısının gətirilməsi, maliyyənin artmasından söhbət gedirdi. Bilirsiz ki, 90-cı illər müəyyən məsələlərlə bağlı çətin dövrlər idi. Futbolun inkişafı üçün maliyyə vacib idi. Dövlət qayğısının gəlməsi ilə bağlı futbolda mübarizə gedirdi. Nə yaxşı ki, həmin mübarizə oldu və futbola böyük pullar gəldi. "Şəfa" AFFA tərəfindən maliyyələşirdi. Bu, sübut olunmuş məsələdi ki, 90+8-ci dəqiqədə "Xəzər Universiteti"nin qapısına olmayan 11 metrlik cərimə zərbəsi təyin edildi və bununla da, çempionat avtomatik olaraq, dayandı. Çünki narazılıq pik həddinə çatdı, bütün klublar federasiyanın həmin rəhbərliyi altında çempionatda oynamaqdan imtina etdilər. Penalti epizodu gözümün qabağına gəlir. Əslində, 11 metrlik cərimə zərbəsi xırda nüans idi. Məsələnin kökündə nə dayanırdı? Federasiyada həmin dönəmdə müəyyən qüvvələr tərəfindən özbaşınalıq o həddə çatmışdı ki, 90 dəqiqə gedən oyunu uzadıb, istədikləri addımları atırdılar. Buna etiraz olaraq çempionat dayandı. O oyuna qədər artıq narazılıqlar var idi. Futbolumuzda idarəçilikdən tutmuş hakimliyə qədər, heç nə düzgün getmirdi deyə, bütün klublar cəm şəklində etiraz edirdilər. 90-cı illərdə də bu var idi, vaxtilə "Neftçi" çempionatdan imtina etmişdi. Hətta 1993-1994-cü illərdə narazılıqla bağlı müstəqil Peşəkar Futbol Liqası yaranmışdı. 10 il gedən prosesin son pik nöqtəsi məhz "Şəfa" - "Xəzər Universiteti" oyunu idi".

 

"Fuad Musayevin dəstək verdiyi insanlar onu satdılar"

AFFA-nın sabiq prezidenti Fuad Musayev barədə də danışan Tahir Süleymanov onu ətrafındakı şəxslərə inanmaqda qınayıb: "Mövsüm ərzində "Şəfa"nı irəli çəkmək cəhdləri birmənalı hiss olunurdu. Futbolda etirazlar o həddə çatmışdı ki, bütün klublar haqsızlığa görə çempionatdan imtina etdilər. Həmin oyunu da Xaqani Məmmədov idarə edirdi. Bir məqamı vurğulayım ki, 90-cı illərin axırlarında necə olurdu ki, Hakimlər Komitəsinə rəhbərlik edən şəxs eyni zamanda hakimlik edirdi? Bu, dünya praktikasında bəlkə də, yeganə və sonuncu belə hadisədi. Bütün bu proseslər bilərəkdən qurulmuş məsələlər idi. Əslində, Fuad Musayev tək futbolda deyil, ümumiyyətlə, Azərbaycan ictimaiyyətində şəxsiyyət kimi qəbul olunan insandı. Amma ətrafında olan, dəstək verdiyi insanlar Musayevə qarşı çıxdılar, onu satdılar. Çox təəssüf ki, ətrafına inandı. Fuad Musayevi satanlar bu gün də futbolun içindədilər. Lazım olan şəxslər lazım olan rəhbərliyə hər zaman lazımdılar".

 

Tengiz MƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0