[b]“İstəyirlərsə, daha böyük qalmaqal yarada biləcək 2-3 versiya deyim”[/b]
13.01.2017 - 11:39
[b]“İstəyirlərsə, daha böyük qalmaqal yarada biləcək 2-3 versiya deyim”[/b]

“İnter”in aparıcı futbolçularla bir-bir yollarını ayırmasının əsl səbəbi gün üzünə çıxmaqdadı. Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağabala Ramazanovun “Qarabağ”a, Ruslan Abışovun isə “Neftçi”yə keçidi batmaqda olan klubun xilasına hesablanıb.

 

Belə ki, “bankirlər”in ciddi maliyyə böhranı ilə üzləşdiyi məlum olub. Hətta vəziyyət o həddə çatıb ki, Beynəlxalq Bank kluba sponsorluq etmək istəmir və bunun üçün mövsümün sonunu gözləyir.

 

Bunun əsas səbəbkarı isə paytaxt təmsilçisinin sabiq prezidenti Rəşad Qasımov göstərilir. Bütün problemlər məhz onun dövründə həyata keçirilən bir transferlə əlaqələndirilir. Belə ki, Qasımovun prezident olduğu dönəmdə futbolçulardan birinin komandada müqaviləsiz, kişi sözünə oynadığı bildirilir. Əvəzində onun illik 80 min manat qazanacağı sözü verilib. Lakin müqavilə imzalanmadığı üçün boşluqdan yararlanan həmin futbolçu müəyyən müddət sonra daha çox pul tələb edib. Bir sözlə, sözünə əməl etməyib və şikayət hədə-qorxusu ilə Rəşad Qasımovu pis vəziyyətdə qoyub. O da büdcədən əlavə pul çıxarıb, oyunçunu susdurmaq məcburiyyətində qalıb.

 

Rəşad Qasımovun prezidentlik postundan ayrılmasının səbəbi kimi də məhz bu hadisə göstərilir. Artıq olan olub, nəticədə isə onsuz da kasad büdcə ilə çıxış edən “İnter” maliyyə baxımdan daha ağır duruma düşüb.

 

İndiki rəhbərlik isə Ağabala Ramazanov və Ruslan Abışovun gedişi ilə yaranmış maliyyə problemini yoluna qoymaq niyyətindədi. Hər iki oyunçunun yüksək ödənişli olması və Abışovun transferindən 150 min manat qazancın əldə edilməsi bu baxımdan rəhbərliyə nəfəs aldırıb. Ancaq bununla kifayətlənmək istəməyən paytaxt təmsilçisi yüksək məbləğdə maaş alan daha bir neçə oyunçusunu satıb, həm pul qazanmaq, həm də əlavə xərcdən qurtulmaq niyyətindədi. Bunu nəzərə alsaq, başda Səlahət Ağayev olmaqla, bir neçə aparıcı futbolçunun yaxın vaxtlarda başqa kluba keçidi təəccüb doğurmamalıdı.

 

Hər halda, bütün bunlar ortaya atılan ittihamlardı. Rəşad Qasımov isə əməkdaşımızla söhbətində bunu qətiyyətlə təkzib edib: “Çox gülməli versiyadı. Bunu ortaya atan şəxslə üz-üzə gəlib, söhbət etmək istərdim. İstəyirlərsə, daha böyük qalmaqal yarada biləcək 2-3 versiya deyim. Çünki bu, ucuz versiyadı. Daha ağıllı variant düşünmək olardı. Mənim vaxtımda baş tutan transferlərin hamısını bilirsiniz. Gələnlərin hamısı yerli idi. İçlərində cəmi 2 əcnəbi var idi ki, onlar da yad simalar deyildi. 2016-cı ilin yanvarında Sezar Meza Kolli ilə anlaşdıq ki, o da bizim öz oyunçumuz idi. Yayda da Adrian Skarlatake gəldi. Bu iddianı ortaya atanlar isə futbolçu adı çəkmirlər. Bu məlumata sadəcə, gülürəm”.

 

Qeyd edək ki, 2015-ci ilin dekabrında “İnter”in prezidenti postuna təyin olunan Rəşad Qasımov ötən ilin oktyabr ayında istefa verib. Onun rəhbərliyi dövründə “bankirlər” ötən ilin qış fasiləsində Vüqar Nadirov, Kamran Ağayev, Qara Qarayev və Sezar Meza Kollini, cari mövsümün əvvəlində isə Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Ruslan Abışov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı və İbrahim Qədirzadəni heyətinə cəlb edib.

0