[b]"Səhərə qədər xəstə qardaşına baxır, yuxusuz məşqə gəlirdi" - LAYİHƏ[/b]
28.01.2017 - 14:10
[b]"Səhərə qədər xəstə qardaşına baxır, yuxusuz məşqə gəlirdi" - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. Layihənin ikinci yazısı parlamadan sönən ulduz Ruslan Musayevə həsr olunur.

 

Ötən əsrin 90-cı illərinin sonları Azərbaycanda istedadlı futbolçuların kəşfi ilə əlamətdar olub. Həmin vaxt 1979-cu il təvəllüdlü bir neçə oyunçu üzə çıxıb ki, o dönəm hələ də “qızıl dövr” adlandırılır. Qısa müddət sonra Azərbaycan millisinin əsas heyət üzvünə çevrilən Samir Əliyev, Cahangir Həsənzadə, Ceyhun Sultanov, Ruslan Musayev, Zaur Tağızadə və Elçin Rəhmanovun adını vurğulamaq bu fikrin təsdiqlənməsi üçün kifayətdi. Xüsusən də, son 3 futbolçu ayrılmaz “trio” sayılırdı. Onlardan Tağızadə və Rəhmanov hazırda “Qarabağ”da məşqçi kimi fəaliyyət göstərirsə, Musayevdən uzun-müddətdi xəbər-ətər yoxdu.

 

1 kubok...

Halbuki 17 yaşında Azərbaycan çempionatında debüt edən Musayev ölkənin ən istedadlı futbolçularından sayılırdı. 1996/97 mövsümündə Azərbaycanın U-18 yığması yaradılaraq çempionata buraxılıb. Gənc oyunçuları özündə birləşdirən milli iki il sonra “Şəfa” adını daşımağa başlayıb. Ruslan Musayev də məhz həmin dönəmin kəşflərindəndi. 2004-cü ilə qədər “Şəfa”nın formasını geyinən yarımmüdafiəçi bu müddət ərzində bir neçə dəfə başqa kluba gedib və qayıdıb. Ruslan “Şəfa”da olduğu müddətdə cəmi 1 titul qazana bilib. O da 2000/01 mövsümünə təsadüf edir. Çempionatda 4-cü yeri tutan komanda ölkə kubokunda "Lokomotiv", "Şahdağ", "Dinamo-Bakılı" və finalda da "Neftçi"ni məğlub edərək kuboku qazanıb.

 

...Və 1 çempionluq

2003-2008-ci illər aralığında növbə ilə “Qarabağ”, “Bakı”, AZAL, “Simurq” və “Gənclərbirliyi”nin formasını geyinən Ruslan Musayev bu illər ərzində 1 dəfə ölkə çempionu adını qazanıb. 2005/06 mövsümünə "Qarabağ"da başlayan keçmiş orta sahə oyunçusu daha sonra "Bakı"ya keçib və həmin mövsüm qızıl medalları boynundan asıb.

 

Musayev bir neçə dəfə legioner həyatı yaşamağa da macal tapıb. Yeniyetmə yaşında Zaur Tağızadə və Elçin Rəhmanovla birlikdə Türkiyə Superliqası təmsilçisi "Dardanelspor"da baxışda olub. Həmin vaxt klub rəhbərliyi onları bəyənsə də, futbolçular geri qayıtmağı qərara alıblar. Estoniya, İslandiya və Rusiyada da oynamaq imkanı əldə edən Musayev ölkə daxilində olduğu kimi, xaricdə də istedadını aça bilməyib. Nəticədə 29 yaşında karyerasını bitirmək qərarına gəlib. Ondan sonra Moskvaya köçən sabiq milli üzvü uzun müddətdi unudulub.

 

Onunla bağlı fikirlərini bildirən futbol ictimaiyyətimizin nümayəndələri Ruslan Musayevin bilinən və bilinməyən cəhətlərindən danışıblar.

 

Klub karyerası

Ölkə daxilində

1996/97 Azərbaycan U-18 - 21 oyun / 4 qol

1997/98 Azərbaycan U-18 - 4

1998/99 “Şəfa” (Bakı) - 4

1999/2000 “Şəfa” (Bakı) - 16 / 2

2000/01 “Şəfa” (Bakı) - 15 / 3

2001/02 MOİK (Bakı) - 5

2001/02 “Şəfa” (Bakı) - 2

2003/04 “Şəfa” (Bakı) - 16 / 7

2003/04 “Qarabağ” (Ağdam) - 4

2004/05 “Qarabağ” (Ağdam) - 26 / 2

2005/06 “Qarabağ” (Ağdam) - 9

2005/06 “Bakı” - 5

2006/07 AZAL (Bakı) - 5

2006/07 “Simurq” (Zaqatala) - 5

2007/08 “Gənclərbirliyi” (Sumqayıt) - 22 / 2

Cəmi: 11 mövsüm, 7 klub - 159 oyun, 20

 

Ölkə xaricində

1997/98 “Lelle” (indiki “Tervis”, Estoniya) - 6 / 2

1998 “Akranes” (İslandiya) - 2

1999 “Vilyandi” (Estoniya) - 4

2002 “Terek” (Rusiya) - 4 / 1

2008 “Nebitçi” (Türkmənistan)

                                

Titulları

Azərbaycan çempionu: 2005/06 mövsümü ("Bakı")

Bürünc mükafatçı: 2003/04 ("Qarabağ")

Azərbaycan kubokunun qalibi: 2000/01 ("Şəfa")

 

Avrokubokda 6 oyun keçirib.

 

Milli karyerası

1997-2004-cü illər: 30 oyun

 

"Heyf ki, həmin istedadı parlaya-parlaya apara bilmədi"

Ruslan Musayevin yetişməsində ən çox əməyi olan məşqçilərdən biri Vaqif Sadıqovdu. Gənc yaşlarında Sadıqovun rəhbərliyi altında aşağı yaş qrupu yığmalarında, eləcə də, "Şəfa" klubunda çıxış edib. Vaqif müəllim keçmiş yetirməsinin istedadından ağızdolusu danışıb: "O dövrdə ən istedadlı qrupa daxil olan futbolçular var idi - Zaur Tağızadə, Elçin Rəhmanov və Ruslan Musayev. Onları heç vaxt bir-birindən ayırmırdım. Hər üçü vaxtından tez parladı, uşaq yaşlarından istedadı ilə seçildi. Heyf ki, Ruslan həmin istedadı parlaya-parlaya apara bilmədi. Musayev mənim rəhbərliyim altında, demək olar ki, bütün aşağı yaş qruplarından əsas milliyə qədər irəliləyib. "Şəfa"da da futbolçum olub. İstənilən mövqedə oynamaq iqtidarında idi. Müdafiədən tutmuş, hücuma qədər, hər yerdə eyni səviyyədə çıxış etməyi bacarırdı".

 

"Ailə problemləri əsl Ruslan Musayevi izləməyimizə imkan vermədi"

Sadıqovun fikrincə, Musayevin daha böyük futbolçu olmasına şəxsi həyatında üzləşdiyi problemlər mane olub: "Ona obyektiv və subyektiv səbəblər imkan vermədi ki, ən yüksək nailiyyətləri qazansın, potensialını tam nümayiş etdirsin. Ruslana şans da verildi. Yol açıldı ki, futbolçu kimi özünü təsdiq etsin. Ancaq ailədə baş verən problemlər əsl Ruslan Musayevi izləməyimizə imkan vermədi. Vaxtından da tez futboldan getdi. Gecələr yatmırdı, xəstə qardaşına baxırdı, öz qanını ona verirdi. Valideynləri Bakıdan köçəndən sonra Ruslan burda tək qaldı. 18-19 yaşında ata-anasından uzaq düşdü. Görünür, bunu həzm edə bilmədi ki, çətin durumla üzləşdi. Halbuki çox istedadlı idi. Eyni zamanda dostluğa sadiq, gözəl insan, böyük-kiçik yeri bilən, hər kəsə hörmətlə yanaşan idi. Bir sözlə, hərtərəfli yaxşı keyfiyyətlərə malik bir insanla uzun müddət əməkdaşlıq etmişəm".

 

"Taleyin önünə çıxardığı sınaqdan üzüağ çıxa bilmədi"

Vaqif müəllim sabiq yarımmüdafiəçinin çox gənc yaşlarında çiyinlərinə ağır məsuliyyət yükləndiyini bildirib: "Qardaşı xəstə ikən gecələr xəstəxanada onun yanında qalırdı, yuxusuz olurdu, səhər də ordan məşqə gəlirdi. Öz qanını da ona verirdi ki, belə vəziyyətdə peşəkar işlə məşğul olmaq çox çətindi. Ata-anası onu burda tək qoyduğu üçün xəstə qardaşına baxmalı oldu. Tək qalmaq, ata-ana qayğısından uzaq düşmək ona mənfi təsir göstərdi. Halbuki həmin vaxt onlara çox böyük ehtiyacı var idi. Elə vəziyyət yaranmışdı ki, ondan tələb ediləndən qat-qat çox çalışmalı idi. Gənc vaxtda ailə həyatı qurmağı qərara aldı. Düşündük ki, bəlkə bu amil oyununa təkan verər. Xoşbəxt olmağı kim istəməz axı? Ancaq problemlərin üstünə başqa problemlər gəldi. Ruslan da bu problemlərin içində itib-batdı, çıxış yolunu tapa bilmədi. Nəticədə ən yaxşı oyununu nümayiş etdirməyi bacarmadı. Taleyin insanı sınağa çəkdiyi anlar olur. Mən həmişə deyirəm ki, mənim taleyim xasiyyətimdi. Bəlkə də, böyük futbolçu olmaq üçün bu çətinliklərdən keçmək lazım idi. Ancaq görünür, Ruslan Musayevin xasiyyəti imkan vermədi ki, qarşısına çıxan problemlərlə mübarizə apara bilsin, futbolda özünü təsdiq etsin. Onun içki içməsi və siqaret çəkməsi sonradan qabardıldı. Amma səmimi etiraf edim ki, mənim rəhbərliyim altında çıxış edəndə Ruslanda belə hallara rast gəlməmişəm. Amma sonradan bunları eşitməyə başladım. Buna həmin vaxt inanmırdım, indi də inanmaq istəmirəm. Olubsa da, deməli, taleyin onun qarşısına çıxardığı sınaqdan üzüağ çıxa bilmədi. Bəlkə də, buna görə tez parlayıb, tez də sönən Ruslan Musayevi xatırlayırıq".

 

"10 ildi ondan xəbərsizəm"

AFFA-nın Ruslan Musayevi özünü göstərməsi üçün bir neçə ölkəyə göndərdiyini söyləyən Sadıqov onun önünə çıxan maneələri dəf edə bilmədiyini düşünür: "O vaxt Ruslana dəstək olmağa çalışırdıq. Bu məqsədlə onu fərqli ölkələrə, komandalara göndərdik. Türkiyəyə, Estoniyaya getmişdi. Təəssüf ki, orda qala bilmədi, Azərbaycana qayıtdı. Ruslanla yanaşı, Zaur Tağızadə və Elçin Rəhmanovu da Türkiyəyə göndərmişdik. Ancaq orda darıxdılar, qalmadılar. Biz başa düşmürük ki, hansısa uğura imza atmaq üçün gərək bu çətinliklərdən keçəsən. Heç kimin qarşısında yaşıl işıq yandırıb, dəvət etmirlər. Həmin yaşıl işıqlı yola çıxmaq üçün əziyyət çəkməli və buna layiq olduğunu sübut etməlisən. Heyfsilənirəm, ona görə ki, Ruslan Musayev kimi bir istedad parlaq çıxışını sona qədər sərgiləyə bilmədi. Ruslan Azərbaycan futbolu üçün çox önəmli addımlar atıb. Böyük xeyir verə bilərdi. Gənc yaşlarındakı oyunu ilə bunu göstərirdi. 18-19 yaşında milli komandaya çağırılıb. Yaxşı yadıma gəlir, U-18-də olanda Avropa çempionatının seçmə mərhələsində Avstriya ilə qarşılaşırdıq. Ruslan Musayevin həmin matçda Azərbaycansayağı vurduğu qolu hələ də xatırlayıram. 2002-ci ildə Bakıda İtaliya ilə keçirilən qarşılaşmada meydana çıxan Ruslan Musayevi gözümün önünə gətirirəm. Mən həm Ruslan Musayevi, həm də digər futbolçuları belə xoş xatirələrlə yadda saxlayıram. Təxminən 10 il əvvələ qədər bizimlə əlaqə saxlayırdı, Azərbaycana gəlirdi. Amma son 10 ildə ondan xəbərsizəm".

 

"Ruslanın ağlı ilə ayağı eyni vaxtda işləyirdi"

Növbəti həmsöhbətimiz Ruslan Musayevin digər məşqçisi Əsgər Abdullayevdi. O da keçmiş yarımmüdafiəçinin universallığı ilə seçildiyini söyləyib: "Ruslan çox perspektivli futbolçu olub. Həmin dövrün ən yaxşılarından idi. Həm insani keyfiyyətləri, həm də futbolçu bacarığı yüksək səviyyədə idi. Gənc yaşda öz həmyaşıdlarından seçilirdi. Oyunu, texnikası, futbol ağılı ilə fərqlənirdi. Futbolda bacarmadığı bir şey yox idi. Universal oyunçu idi, hansı mövqeyə qoysan, oynayardı. Ağlı ilə ayağı eyni vaxtda işləyənləri tam futbolçu saymaq olar. Ruslanın da ağlı ilə ayağı eyni vaxtda işləyirdi. Oyununda, məşqində, hərəkətlərində bir qüsur görmürdüm. Sonradan onunla yollarımız ayrıldı, barəsində tam məlumatım olmadı. Bir insan kimi də hörmətə layiq idi. Bu cür oyunçuları barmaqla saymaq olar".

 

"Darıxdıq bura üçün, özümüz çıxıb gəldik"

Ruslan Musayevin ən yaxın futbolçu dostu olan Elçin Rəhmanov uğurlu karyera qurmalarına mentalitetin mane olduğunu düşünür: "Ruslan mənə çox yaxın idi. Bir yerdə böyümüşük, futbola gəlmişik, uzun müddət çiyin-çiyinə çıxış etmişik. Gözəl futbolçu, yaxşı dost idi. Bir dövrdən digər dövrə keçid, futbolsuzluq o illər oyunumuza da təsirsiz ötüşmədi. Həmin vaxt Azərbaycanda da vəziyyət yaxşı deyildi. Bu üzdən təkcə onu yox, bir neçə bu cür oyunçunu itirdik. Ancaq çox istedadlı idi. Bəziləri kimi, o da baş verən xoşagəlməz hadisələrin təsirindən çıxmaqda çətinlik çəkdi. Bir qardaşı xəstə idi, valideynləri getmişdilər. İstər-istəməz bunlar ona çətinlik yaratdı. Onunla birlikdə ölkə xaricində də oynamışıq. Bilirsiniz, bizim mentalitetimiz elədi ki, kənarda qala bilmirik. Bu, Azərbaycan futbolçusunun ən böyük problemidi. Türkiyə Superliqasında oynayan "Dardanelspor"un düşərgəsinə baxışa getmişdik. Bizi bəyənmişdilər, qalmağımızı çox istəyirdilər. Onda lap cavan idik, 16-17 yaşımız var idi. Eyni problem yarandı, darıxdıq bura üçün, özümüz çıxıb gəldik".

 

"Nizam-intizamı xoşlamırdı, hərdən məşqə gecikirdi"

Rəhmanov sabiq komanda yoldaşının eyni zamanda intizamsız futbolçu olduğunu da etiraf edib. O, bir müddətdi dostundan xəbər almadığını da vurğulayıb: "Açıq adam idi, onu dostluqda sadiq, gözəl insan kimi xatırlayıram. Amma nizam-intizamı xoşlamırdı. Hərdən toplanışa, məşqə gecikirdi. Məlumat yayılmışdı ki, guya Ruslan futbolçu vaxtında içkiyə qurşanıb, siqaret çəkib. Amma çox içki içən deyildi. Hamı kimi məclislərdə bəlkə bir az içərdi. O ki qaldı siqaretə, o vaxt kim siqaret çəkmirdi ki? Maşallah, belə şeylərə indi ciddi fikir verilir. Əvvəllər hamı çəkirdi də, içirdi də, oynayırdı da. Ruslan hazırda Moskvada yaşayır. Son vaxtlar münasibətimizdə bir az soyuqluq yaranıb. Yəni gec-gec zəngləşib danışırıq. Sonuncu dəfə danışanda orda tikintidə çalışdığını bildirdi. Axır vaxtlar, deyəsən, telefon nömrəsini də dəyişib. Bu yaxınlarda danışmaq istədim, zəng çatmadı. Amma yeni nömrəsini də tapacam, inşallah".

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0