[b]“Neftçi” oynamadı, 3 xal qazandı” – Vaqif Cavadov[/b]
27.02.2017 - 18:25
[b]“Neftçi” oynamadı, 3 xal qazandı” – Vaqif Cavadov[/b]

“Məncə, yaxşı oyun oldu. Rəqiblə vuruşduq, baxımlı oyun nümayiş etdirdik. Sadəcə, qol vura bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın hücumçusu Vaqif Cavadov deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”ni qəbul edən çempionatın autsayderi 0:1 hesablı məğlubiyyətə düçar olub.

 

Matçla bağlı fikirlərini bildirən “təyyarəçilər”in yeni transferi Cavadov məğlubiyyətə layiq olmadıqlarını düşünür: “Mənə elə gəlir ki, ədalətli nəticə heç-heçə olmalı idi. Bir səhvə görə uduzduq. İkinci hissədə bərabərlik qolu üçün irəli atıldıq. Bu üzdən qapımız qarşısında təhlükəli vəziyyətlər yarandı. “Neftçi”nin qol epizodları yaratması bizim müdafiə futbolu sərgiləməyimizlə bağlı olmadı. Bizim də real qol şanslarımız yarandı. Hamımız qol vurmaq istəyirdik. Mənim də imkanım oldu. Görünür, qismət belə imiş. Qarşıda hələ 8 oyun var. Növbəti turda “Kəpəz”lə qarşılaşacağıq. Məhz həmin matçda hər şey müəyyənləşəcək”.

 

Baş məşqçi Tərlan Əhmədovun əsəbi olmasına da münasibət bildirən milli komandamızın sabiq üzvü bunu nəticə ilə əlaqələndirib: “Tərlan müəllim ona görə əsəbi idi ki, yaxşı oynayaraq məğlub olduq. “Neftçi” oynamadı, amma 3 xal qazandı. Biz isə qələbəni əldən verdik”.

0