[b]Uqo Barqas: Qolları vaxtında vurduq – MÜSAHİBƏ[/b]
19.03.2017 - 00:00
[b]Uqo Barqas: Qolları vaxtında vurduq – MÜSAHİBƏ[/b]

“Neftçi” “İnter”lə oyunda qələbə qazanmaqla 80 illik yubileyini ikiqat bayrama çevirib. Görüşdə hesabı açan “ağ-qaralar”ın hücumçusu Uqo Barqas matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı hansı məqamları qeyd etmək istərdiniz?

- Çətin bir qarşılaşma olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Baş məşqçinin verdiyi tapşırıqları bacardığımız qədər düzgün yerinə yetirməyə çalışdıq. Əziyyətimizin bəhrəsini qollar vurmaqla gördük. Gözlədiyimiz vaxtlarda fərqləndik. İkinci hissədə komandada bir qədər yorğunluq var idi. Həm fasiləyə qədər, həm də ikinci hissənin əvvəllərində çox işlədik, gücümüz tükənmişdi. Ona görə müdafiəyə çəkildik. Qələbəni “Neftçi”sevərlər həsr etmək istərdim.

 

- Dediniz, qolları vaxtında vurdunuz. Yəqin “İnter”in fərqi minimuma endirdiyi qol isə gözləmədiyiniz anda vuruldu...

- İkinci qoldan sonra müdafiəyə çəkildik, bir qədər arxayınlaşdıq, hesabı qorumağa çalışdıq. “İnter”in zəif oynadığını demək istəmirəm. Onlar da yaxşı mübarizə apardılar, sona qədər hesabı bərabərləşdirməyə çalışdılar. Biz epizodlarımızdan vaxtında istifadə etdik. Ardıcıl 2 qoldan sonra dönüş yaratmaq çətin idi.

 

- Oyunun klubun 80 illik yubileyinin qeyd edildiyi gündə keçirilməsi üzərinizdə təzyiq yaratmırdı?

- Əlamətdar hadisə ilə bağlı üzərimizdə təzyiq yox idi. Əksinə, bu, bizim üçün motivasiya oldu və mütləq qələbə qazanıb, azarkeşləri sevindirmək istədik. Məqsədimizə nail olduq. Komandamız oyundan-oyuna daha yaxşı çıxış edir. Hər qələbəmiz növbəti görüşə motivasiya olmağımıza kömək edir. “Qəbələ” üzərindəki qələbə bugünkü oyunda bizi matça köklədi.

 

- 80 yaşlı klubun yubiley gününə bu qədər azarkeşin gəlməsi onu təəssüfləndirirmi?

- Futbolu azarkeşsiz təsəvvür etmək olmur. Bura gəldiyim gündən müqayisə etsəm, gündən-günə stadionlara gələnlərin sayı çoxalır. Bizi dəstəkləmək üçün stadiona gələnlərə də, mavi ekran qarşısından oyunlarımızı izləyənlərə də təşəkkür edirəm. İstərdim ki, tribunalarda daha çox azarkeş yer tutsun.

 

- Rəqib qapıçının hündürboy olmaması vurduğunuz qollarda nə dərəcədə rol oynadı?

- Birinci qolda bu amil rol oynadı. Onun boyu bir qədər uca olsaydı, bəlkə də topu qaytarardı. Amma ikinci qolda qapıçının edəcəyi heç nə yox idi. Çünki Rəhman əla zərbə vurmuşdu. Baş məşqçinin tapşırıqlarını demək olar, əla yerinə yetirdik. O, bizə rəqib qapıçının boyunu nəzərə almağı və uzaqdan zərbələr endirməyi tapşırmışdı.

0