[b]Yığmamıza 2 qol vurdu, “Qalatasaray”ın maraq dairəsinə düşdü[/b]
29.03.2017 - 15:40
[b]Yığmamıza 2 qol vurdu, “Qalatasaray”ın maraq dairəsinə düşdü[/b]

“U-21 yığması yeni qurulmuş kollektivdi. Bu səbəbdən hələ uyğunlaşma problemi yaşayırıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin gənclər millisinin üzvü Kubilay Kanatsızkuş deyib.

 

Yoxlama görüşü çərçivəsində dünən Azərbaycanı qəbul edən “ay-ulduzlular” 4:0 hesabı ilə qalib gəliblər. Qarşılaşmada dubl edən Kanatsızkuş yerli mətbuata açıqlamasında oyunu dəyərləndirib.

 

“Bursaspor”un forvardı millimizin qapısına vurduğu qolların onun gələcək karyerasına müsbət təsir edəcəyini düşünür: “Matçın ilk hissəsini o qədər də yaxşı keçirmədik. Futbolçular bir-birilərini tanımağa çalışırdılar. Amma ikinci hissədə qollarımızı sıraladıq. Superliqada uzun müddətdi qol vura bilmədiyim üçün Azərbaycanla görüşdə fərqlənməyim mənə əlavə motivasiya verdi. Ümid edirəm ki, bu qollar karyerama təkan verəcək və çempionatda da bunun davamını gətirəcəm”.

 

Türkiyə mətbuatı eyni zamanda 20 yaşlı forvardın “Qalatasaray”ın maraq dairəsinə düşdüyünü yazıb. Azərbaycanla görüşü tribunadan izləyən İstanbul nəhənginin nümayəndələri rəhbərliyə onun alınması ilə bağlı raport təqdim edib.

 

Qeyd edək ki, Kubilay Kanatsızkuş bu mövsüm “Bursaspor”un heyətində Superliqada 5 qola imza atıb.

0