[b]Vahabzadə darmadağına şərh verdi: 60 dəqiqə dözürlər - MÜSAHİBƏ[/b]
29.03.2017 - 16:30
[b]Vahabzadə darmadağına şərh verdi: 60 dəqiqə dözürlər  - MÜSAHİBƏ[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadənin apasport.az saytına müsahibəsi

 

- Martın 20-dən təlim-məşq toplanışında oldunuz, iki yoxlama görüşü keçirdiniz. Komandanın hazırlıq dönəmindəki durumunu necə dəyərləndirərdiniz?

- Bildiyiniz kimi, ayın 20-də Bakıda yığışdıq. Əsasən texniki-taktiki gedişlər üzərində işlədik. Ayın 24-də AZAL-la yoxlama görüşü keçirdik. Həmin matçda futbolçular yaxşı görünürdülər. Amma heyətdə problemlər var idi. Fəhmin Muradbəyli zədəli olduğu, Elnur Cəfərov isə klubunun düşərgəsində qaldığı üçün bizə qoşulmadı. Elnurun klubu xahiş etdi ki, iki vacib oyunları var, milliyə çağırmayaq. Biz də orda möhkəmlənməsi üçün klubunda qalmasına razılıq verdik. Həmin qarşılaşmalarda da oynayıb-oynamadığını bilmirəm.

 

- Türkiyə ilə görüşdəki  0:4 hesablı məğlubiyyətə səbəb nə oldu?

- Birinci hissədə həm fiziki durum normal idi, həm də taktiki gedişlər qaydasında görünürdü. Fasiləyə qolsuz bərabərliklə yollandıq. Amma ikinci hissədə futbolçular çatdırmadılar.

 

- İkinci hissədə 4 cavabsız qol buraxdınız. Sözünüzdən belə çıxır ki, futbolçular fiziki cəhətdən hazır deyildilər?

- Əvvəla qapıçımız Səbuhi Əliyev zədələndiyi üçün fasilədən sonra onu əvəzlədik. İkinci hissənin ilk 15 dəqiqəsində normal mübarizə getdi. Amma 60-cı dəqiqədən sonra futbolçularda yorğunluq hiss olunurdu. Fiziki durumları Avropa səviyyəli komandalara qarşı oynamaq üçün yetərli deyildi. Bu səbəbdən orta xətdə problemlər yarandı, sistem pozuldu. Futbolçular epizodlarda bir-birlərini sığortalamaq üçün çatdırmadılar. 6 gün ərzində onları fiziki cəhətdən tam hazır vəziyyətə gətirə bilməzdik. Bu müddətdə əsasən taktiki gedişləri başa salırıq ki, kimə qarşı necə oynamaq lazım olduğunu bilsinlər.

Əgər oynamırlarsa, deməli, imtahan vermirlər. Bu futbolçular klublarında oynamasalar, onların özləri üçün də, bizim üçün də gələcəkdə çətin olacaq. Əvəzedicilərin çempionatı kifayət etmir

- Bəzi futbolçular Premyer Liqa klublarında çıxış edirlər. Deməli, onlar klublarından hazır gəlməmişdilər?

- Heyətdəki oyunçuların əksəriyyəti əvəzedicilərin çempionatında oynayır. Özümüzə bəraət qazandırmıram. Amma olan şeyi deyirəm. Əvəzedici heyətdə olan sürət, mübarizə, dözümlülük Avropa səviyyəli komandalara qarşı oyunların 60-cı dəqiqəsindən sonra öz sözünü deyir. Düzdü, çoxu əsas komanda ilə məşq edir. Amma oyunlarda az iştirak edirlər. Oynamadıqda fiziki durumu necə artıra bilərlər? Məsələn, Bəhlul Mustafazadə çempionatda 2 oyunda iştirak edib. Mahir Mədətov da hərdən meydana çıxır. Hamısı təcrübəli futbolçularla məşq keçirlər, amma oyunlarda həmin yüklənmə olmur.

 

- Milliləşdirilən futbolçuların çıxışı necə, sizi qane etdimi?

- Oyundan iki gün əvvəlki məşqdə Ozancan Kökcünün qasıq nahiyəsində ağrılar oldu. Həmin məşqi də yarımçıq tərk etdi. Həkimlər onu oyuna hazırlaya bildilər. Ancaq görüş zamanı da ağrıları oldu. İkinci hissənin ortalarında artıq dözə bilmədi, meydanın mərkəzində oturdu. Mən də əvəzləməli oldum. Sərkan Baloğlu müdafiənin mərkəzində yer almışdı. Yaxşı mənada 2-3 futbolçunu fərqləndirmək olardısa, onlardan biri də Sərkan idi.

 

- Ozancan Kökcünün adı Avropanın nəhəng klubları ilə birgə hallanır. Sizcə, o, “böyük beşlik” ölkələrində oynamaq iqtidarındadımı?

- Böyük potensialı var. AZAL-la matçda yaxşı təsir bağışladı. Amma Türkiyə ilə görüşdə komanda şəklində oyunumuz alınmadı. Ozancanın da oyunu gözə çarpmadı. Bəlkə də, zədəyə görə istedadını tam göstərə bilmədi. Türkiyə yığmasına qarşı oynamağı çox istəyirdi. Mən zədənin ona mane olduğunu hiss elədim.

 

- U-21 millimiz son 4 oyunda məğlub olub ki, bunun 3-də qapısından 4 top buraxıb. Bu uğursuz çıxışın səbəbi yalnız fiziki hazırlıqdı?

- Bayaq qeyd etdiyim kimi, uşaqlar Premyer Liqada çox oynasalar, fiziki durumları da qaydasına düşər. Çünki yüksək liqada səviyyəli futbolçulara qarşı oynayırlar, güclü komanda yoldaşları ilə birlikdə çıxış edib, onlardan nəsə öyrənirlər. Onlara bir az vaxt lazımdı. Avqust ayında seçmə mərhələyə start veriləcək. Həmin vaxta qədər klublarında nə qədər çox oynasalar, komandamız üçün bir o qədər xeyirli olar. Perspektivli uşaqlardı. Amma az oynadıqları üçün ustalıq səviyyələrini artıra bilmirlər.

 

- Bilirsiniz ki, əsas hədəf AÇ-2020-də final mərhələsinə vəsiqə qazanmaqdı. U-21-in hazırkı üzvləri də həmin vaxt əsas millidə yer alacaqlar. Sizcə, bu futbolçularla məqsədə çatmaq mümkündümü?

- Həmin vaxt bu uşaqların 24 yaşları olacaq. Burdan da bəzi oyunçular cəlb olunacaq, həmçinin hazırda əsas yığmada yer alanların da bir çoxu çağırılacaq. U-21 millimizin bundan əvvəlki heyətində də perspektivli uşaqlar var idi, indi də var. Onların “artırmaları” üçün yeganə şərt klublarında müntəzəm çıxış etmələridi. Futbolçu həftəlik məşq edib, həftəsonu oyunda imtahan verir. Əgər oynamırlarsa, deməli, imtahan vermirlər. Bu futbolçular klublarında oynamasalar, onların özləri üçün də, bizim üçün də gələcəkdə çətin olacaq. Əvəzedicilərin çempionatı kifayət etmir. Burdan gəlib Türkiyə yığmasına qarşı yüksək səviyyədə oynamaq mümkün olmur. Belədə 60 dəqiqə dözə bilirlər.

 

Ruslan SADIQOV

0