[b]İslamiada: “Yarış FİFA-nın təqviminə uyğun keçirilsəydi...” – rəqibin baş məşqçisi[/b]
18.04.2017 - 16:13
[b]İslamiada: “Yarış FİFA-nın təqviminə uyğun keçirilsəydi...” – rəqibin baş məşqçisi[/b]

“Qrup oyunlarına sakit tərzdə hazırlaşırıq. Gənc futbolçularımız nəyə qadir olduqlarını göstərmək istəyirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət Kamerun yığmasının baş məşqçisi Riçard Tova deyib.

 

Gələn ay ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarında Kamerunun U-23 komandası Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparacaq. Rəqib komandanın baş məşqçisi yerli mətbuata müsahibəsində turnirə ciddi hazırlaşdıqlarını bildirib. 47 yaşlı mütəxəssis ölkəmizə güclü heyətlə gələcəklərini vurğulayıb.

 

O bildirib ki, İslamiada vaxtı Avropanın əksər ölkələrində çempionat davam edəcəyi üçün bir neçə aparıcı futbolçuya dəvət göndərə bilməyib: “Martın 27-də toplanışa başlamışdıq və artıq yoxlama görüşündə qüvvəmizi sınadıq. Futbolçuların “Fortuna” ilə matçdakı çıxışı ürəyimcə oldu. Uşaqların son durumları ilə tanış olmaq imkanı qazandıq. Bizim üçün bu, çox vacib idi. Turnirdə yaxşı oyun nümayiş etdirmək istəyirik. Bu yarış FİFA-nın təqviminə uyğun keçirilsəydi, Avropada çıxış edən 4-5 yüksək səviyyəli oyunçuya da dəvət göndərərdik. Ancaq çağırdığımız futbolçular arasında böyük potensiala malik olanlar da var. Məsələn, bəzi futbolçuları tezliklə Fransa, İspaniya və Almaniya kimi ölkələrin çempionatında izləyə bilərik. Bir neçə oyunçumuzun “Kayzerslautern” və “Nant” kimi klubların əsas komandasında çıxış etmək şansı var. Azərbaycandakı turnir onlar üçün çox vacibdi. Bu üzdən əminliklə deyə bilərəm ki, İslamiadaya böyük ümidlə gedəcəyik və əsl gücümüzü ortaya qoymağa çalışacağıq”.

 

Qeyd edək ki, Azərbaycan, Səudiyyə Ərəbistanı və Mərakeşlə A qrupunda mübarizə aparacaq Kamerun ilk görüşünü mayın 8-də millimizə qarşı keçirəcək.

 

0