[b]Mövsümün ikinci xətası, AZAL-ın korlanan “siftə”si[/b]
19.04.2017 - 16:13
[b]Mövsümün ikinci xətası, AZAL-ın korlanan “siftə”si[/b]

Azərbaycan Premyer Liqasında mövsümün 25-ci penaltisi vurulub. Apasport.az saytının məlumatına görə, yubiley zərbəsi XXVI turun “Neftçi” – AZAL matçına təsadüf edib.

 

Matçda 0:4 hesabı ilə uduzan “təyyarəçilər”in legioneri Nuqzar Kvirtiya bu imkanı əldən qaçırıb. Maraqlıdı ki, bu penalti AZAL-ın cari mövsümdəki ilk 11 metrlik zərbəsi olub. Nuqzar da komandasının “siftəsini” korlayıb. Ümumilikdə isə 25 zərbədən yalnız 2-si qolla nəticələnməyib.

 

Mövsümün ikinci xətasını da nəzərə alsaq, Premyer Liqanın bütün iştirakçıları belə imkan qazanıb. “Zirə” hamıdan çox – 5 belə zərbə vurub ki, qəsəbə təmsilçisi 100 faizlik dəqiqlik nümayiş etdirib: “Zirə” – 5, “Kəpəz” – 4, “Qəbələ” – 4 (1), “Neftçi”, “Qarabağ”, “Sumayıt” – 3, “İnter” – 2, AZAL – 1 (1).

 

Mövsümün gedişində 8 komanda penalti vurubsa, cəzalananların sayı 7-di. Çünki “Qarabağ”ın qapısına penalti təyin olunmayıb. Ən çox cəzalanan isə autsayder AZAL-dı: AZAL – 6, “İnter”, “Neftçi” – 5 (1), “Kəpəz”, “Qəbələ” – 3, “Sumqayıt” – 2, “Zirə” – 1.

 

Mövsümün 25 penalti zərbəsini 17 futbolçu yerinə yetirib. “Kəpəz”in üzvü Tural Axundov rekord sayda – 4 belə imkanı qola çevirib. Araz Abdullayev “Neftçi”də oynadığı vaxt, Filip Ozobiç “Qəbələ”, Amil Yunanov “Sumqayıt”, Elvin Məmmədov “Zirə”, Riçard Almeyda isə “Qarabağ”ın heyətində 11 metrlik nöqtədən iki qol vurub. Dəqiq olmayan zərbələr isə Kvirtiya ilə “Qəbələ”li Nika Kvekveskiriyə məxsusdu. Hər iki xətaya gürcü futbolçular imza atıb.

 

 

0