[b]Elxan Məmmədov Avropa çempionudur![/b]
22.04.2017 - 19:32
[b]Elxan Məmmədov Avropa çempionudur![/b]

Bu gün Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışın son günündə 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

 

Kişilərin mübarizəsində Azərbaycan yığması 4 idmançı ilə təmsil olunub. Millimizin liderləri 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində medala iddia ediblər.

 

Kişilər

90 kq

Bu çəkidə ölkəmizi təmsil edəcək Məmmədəli Mehdiyev mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk cəhdində moldovalı İon Dumbravanı sınağa çəkib. Qələbə qazanan Mehdiyev növbəti mərhələyə adlayıb. 1/8 finalda Monteneqro idmançısı Marko Bubanya ilə qarşılaşan həmyerlimiz bu rəqibinə də qalib gəlib. Mehdiyev 1/4 finalda belaruslu Yeqor Vorobyovla güləşib. Bu dəfə də qələbəyə sevinən cüdoçumuz yarımfinalda iştirak etmək hüququ qazanıb. Yarımfinalda serbiyalı Aleksandr Kukolja uduzan təmsilçimiz "bürünc" uğrundakı görüşü də məğlub başa vurub. O, Beka Qvinaşvili ilə bacarmayıb.  

 

100 kq

Mehdiyev kimi, Elmar Qasımovun da Varşavada debütü 1/16 finala təsadüf edib. Startda almaniyalı Filipp Qalandi ilə güləşən olimpiya mükafatçımız qələbə qazanıb. Qasımov 1/8 finaldakı rəqibi Belarus idmançısı Mikita Sviridə də qalib gələrək, növbəti mərhələyə adlayıb. Elmarın 1/4 finaldakı rəqibi rusiyalı Kirill Denisov olub. Bu dəfə də rəqibinə şans verməyən Qasımov yarımfinala yüksəlib. Yarımfinalda digər həmyerlimiz Elxan Məmmədovla mübarizə aparan Elmar təcrübəli həmkarına yenilərək "bürünc" uğrunda döyüşməyə haqq qazanıb. Bu döyüşdə isə o, rusiyalı Kazbek Zankişiyevə uduzaraq medalsız qalıb.

 

Avropa çempionatının ilk mərhələsindən azad olan Elxan Məmmədov mübarizəyə Vinçenzo d Arko (İtaliya) ilə görüşlə start verib. Rəqibindən üstün olan dünya çempionumuz 1/8 finalda Latviya idmançısı Arturs Nikiforenkoya gücünü göstərib. Məmmədov 1/4 finalda israilli Peter Paltçikdən də güclü olaraq, yarımfinala adlayıb.  

 

Maraqlıdı ki, yarımfinalda Elmar Qasımov və Elxan Məmmədov bir-birləri ilə güləşiblər. Daha güclü olan Məmmədov finala adlayıb. O, fransalı Kiril Mareti ipponla yolundan kənarlaşdıraraq qitənin ən güclüsü adını qazanıb.

 

+100 kq

Yığmamızın ən ağır çəkili cüdoçusu Uşanqi Kokauri ilk cəhdində Bosniya və Herseqovinadan olan Harun Sadıkoviçlə qarşılaşıb və rəqibinə uduzub.

 

Qeyd edək ki, turnirin geridə qalan iki günündə millimiz aktivinə 4 medal yazdırıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov qızıl medala sahib olduğu halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) “bürünc”lə kifayətləniblər.

0