[b]Emin Mahmudovun “Boavişta”dakı taleyi necə olacaq? – meneceri açıqladı[/b]
28.04.2017 - 01:57
[b]Emin Mahmudovun “Boavişta”dakı taleyi necə olacaq? – meneceri açıqladı[/b]

Milli komandamızın üzvü Emin Mahmudovun meneceri Aleksandr Manyakov Rusiyanın “Sovetski Sport” nəşrinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, agent milli oyunçunun “Boavişta”dakı perspektivlərindən danışıb.

 

- Yayılan söz-söhbətlərə görə Emin mövsümün sonunda “Boavişta”dan ayrılacaq...

- Mahmudovun portuqal klubu ilə hələ 1 il müqaviləsi var və heç kim onu qovmur. Ancaq reallıq budur ki, futbolçum klubunda oyun praktikasından əziyyət çəkir, buna görə də başqa kluba keçmək ehtimalı mümkündür. Hətta yenidən Rusiyaya da qayıda bilər. Görək situasiya necə inkişaf edəcək. Komandada Eminin mövqeyində çox təcrübəli oyunçular çıxış edir. Biri kapitan, digəri vitse-kapitan. Mahmudov əlinə düşən şanslardan istifadə edib. Qol da vurub, ötürmə də verib, ancaq hər bir halda o, ehtiyat oyunçu hesab olunur. Məşqçinin qərarı belədir, bu barədə şərh vermək istəmirəm.

 

- Mahmudov özü Avropada qalmaq istəyir?

- Onun üçün əsas prinsipial məsələ daimi oyun praktikasıdır. İlk olaraq əlbəttə ki, o, Portuqaliyadan gələcək təklifləri dəyərləndirəcək. Artıq ailəsi də onunla birlikdədir və ölkəni çox sevirlər. Həyat şərtləri orda yetərincə yaxşıdır. Əla çempionatdı. Biz ya onun transfer hüququnu “Boavişta”dan alacaq, ya da icarəyə götürəcək variantlar axtarırıq. Əgər Portuqaliya alınmasa, Rusiyadan gələn təkliflərə baxacağıq.

 

- Mövsümün sonuna qədər yenə forma şansı qazana biləcəkmi?

- Son matçda o, start heyətində başladı. Meydanda olduğu müddətdə pis təsir bağışlamadı. Əminəm ki, mövsümün son 5 oyununda o yenə şans qazanacaq. Əsas məsələ şanslardan istifadə etmək və sakitcə yeni mövsümə hazırlaşmaqdır.

 

Qeyd edək ki, Mahmudov bu mövsüm “Boavişta” forması ilə meydana çıxdığı 8 oyunda 1 qol vurub.

0