[b]“Qızıl medaldan başqa heç nə haqda düşünmürük” – Teymur Məmmədov[/b]
06.05.2017 - 15:00
[b]“Qızıl medaldan başqa heç nə haqda düşünmürük” – Teymur Məmmədov[/b]

“Təlim-məşq toplanışımız çox yüksək səviyyədə davam edir. Güclü məşqlər keçirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin boksçusu Teymur Məmmədov deyib.

 

91 çəki dərəcəsində rinqə çıxacaq idmançımız Azərbaycan Boks Federasiyasının (ABF) rəsmi internet saytına açıqlamasında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlığını dəyərləndirib: “Qəbələdə fiziki çalışmaları başa vurduqdan sonra Bakıda sınaq döyüşlərində də təcrübəmizi artırırıq. Hiss edirəm ki, mən və komanda yoldaşlarım ən yaxşı formamamıza çatırıq”.

 

Avropa Oyunlarının və qitə çempionatının qalibi Bakı-2017-dəki hədəflərindən də danışıb. O bildirib ki, komandanın hər bir üzvü çempionluğa iddialıdır: “Düşərgəmizdə yüksək ab-hava hökm sürür. Hər birimiz İslam Həmrəyliyi Oyunlarına köklənmişik. Düzü, mən və digər boksçular qızıl medaldan başqa heç nə haqda düşünmürük. Hər birimizin məqsədi çempion olmaqdır. İslamiadada ikinci və ya üçüncü yerlər barədə fikirləşmirik. Məncə, yaxşı mübarizə aparsaq, 10 çəkinin hamısında birinci yeri tutmaq gücündəyik”.

 

Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısının sözlərinə görə, Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da yarışın ən güclü yığması adını qazanmağı hədəfləyiblər.

 

Bakıya gələcək yığmaların heyəti açıqlanmadığından T. Məmmədov da rəqibləri haqda fikri bildirməyin tez olduğunu qeyd edib: “Rəqiblər barədə hələ dəqiq nəsə deyə bilməyəcəm. Bakıya gələcək yığmalar məlumdur. Amma həmin ölkələrin bir və ya iki nömrə ilə yarışa qatılacağı barədə məlumatım yoxdur”.

 

0