[b]Ukrayna yığmamızla oyun üçün heyətini açıqladı[/b]
10.05.2017 - 13:00
[b]Ukrayna yığmamızla oyun üçün heyətini açıqladı[/b]

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibinin baş məşqçisi Qari Yeqiazarov hazırlıqlara 20 oyunçu cəlb edib.

 

Onlar mayın 28-dək Yujnıda təlim-məşq toplanışında olacaqlar. Heyətdə azarkeşlərimiz üçün tanış sima da var. Belə ki, mayın 20-dan iyunun 3-dək Bakıda baş tutacaq qrup oyunlarında “Azəryol”un blokçusu Svetlana Dorsman da ukraynalıların heyətində olacaq. “Yolçəkənlər”in sabiq hücumçusu Anna Stepanyuk da rəqib düşərgədə olacaq. Heyətin əsası isə legionerlərdən qurulub. Hazırda yalnız Olesya Rıxlyuk İsveçrə “Volero”su ilə klublararası dünya çempionatında oynadığından çalışmalara qatılmayıb.

 

Məşqləri dəyərləndirən Yeqiazarov gileylənib ki, sınaqçı rəqib tapa bilmirlər: “Əvvəl bir komanda ilə razılaşsaq da, sonradan onlar da imtina etdilər. Bu yöndə axtarışlarımız gedir. Yoxlama matçının olmaması böyük bəxbəxtçilikdi. Əvvəl sınaq görüşləri üçün pul ayrılmırdı. Amma bizimlə qarşılaşmaq üçün ölkəmizə gəlmək istəyənlər var idi. Təəssüf ki, indi vəziyyət tam dəyişib. Federasiya bizə pul ayırsa da, bizimlə qarşılaşmaq istəyən yoxdu”.

 

Toppaylayıcılar: Yelena Novqorodçenko (“Visla”, Polşa), Aleksandra Peretyatko (“Yenisey”, Rusiya), Marina Deqtyareva (klubsuz);

Blokçular: Svetlana Dorsman (“Azəryol”, Baku), İrina Truşkina (“Nilüfer Belediyesi”, Türkiyə), Yuliya Qerasimova (“Kolejler», Türkiyə), İnna Molodtsova, Diana Karpets (hər ikisi “Ximik”), Tatyana Yatskiv (“Volın-Universitet”);

Hücumçular: Tatyana Kozlova (“Nilüfer Belediyesi”, Türkiyə), Olesya Rıxlyuk (“Volero”, İsveçrə), Nadejda Kodola (“Kann”, Fransa), Anna Stepanyuk (“Cakarta Pertamina», İndoneziya), Anna Kiriçenko (“Makkabi H”, İsrail), Katerina Dudnik, Anastasiya Çernuxa (hər ikisi “Ximik”), Karina Yurçenko (“Severodonçanka”);

Liberolar: Viktoriya Delros (“Kanne-Roşvill», Fransa), Alina Stepançuk, Kristina Nemtseva (hər ikisi “Ximik”).

 

Qeyd edək ki, Bakıda keçiriləcək E qrupunda Azərbaycan və Ukraynadan əlavə, Norveç, İsrail, Hollandiya və Danimarka milliləri də güclərini yoxlayacaqlar.

 

0