[b]Yaşar Vahabzadə: Dava edəsi olsaydıq...[/b]
11.05.2017 - 21:12
[b]Yaşar Vahabzadə: Dava edəsi olsaydıq...[/b]

“İki müxtəlif hissəyə şahidlik etdik. İlk yarıda küləyə qarşı oynayırdıq, ona görə də bir qədər çətin idi. Əsasən də sadə vəziyyətlərdə, ötürmələrdə səhvə yol verdik. Futbolda isə elədi ki, bir neçə dəfə ötürmədə səhv edəndə üstünlük rəqibə keçir”. Apasport.az saytının məlumatına görə, bu sözləri U-23 milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının II turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbəyə sevinib.

 

Oyun başa çatdıqdan sonra mətbuat konfransında sualları cavablandıran çalışdırıcı fikirlərini bölüşüb: “İlk hissədə bunun aşkar şahidi olduq. Fasilədən sonra tamam fərqli oyun göstərdik. İstəkli və inamlı idik. Buna səbəb fasilədə elədiyimiz bəzi müdaxilələr idi. Futbolçularımdan ikinci hissəyə görə razı qaldım, sağ olsunlar”.

 

- Komanda matçın gedişində bir az intizamsız kimi nəzərə çarpırdılar. Sizin tapşırıqlarınıza qulaq asmırdılar, rəqiblə tez-tez mübahisə edirdilər. Sanki futbola deyil, davaya çıxmışdılar. Bunun səbəbi nə idi?

- Xeyr, davaya çıxası olsaydıq, elə dava edərdik. Sadəcə oyun epizodlarıdı, anlaşmazlıqların olması normaldı. Komanda qələbə qazanmaq istəyir, buna görə də aqressivlik müşahidə olunur. Mən oyun zamanı qışqırıram, ancaq səsim 50 metr uzağa çatmır. Futbolçulardan çox siz eşidirdiniz səsimi və əsas odu ki, sizin aranızda sakitlik idi (gülür).

 

- “Qəbələ”nin bir neçə futbolçusu düşərgəyə zədəli qoşulmuşdu. Elvin Camalovun və Tellur Mütəllimovun durumu necədi? Sağalıblarmı?

- Elvin keçən oyunda meydana çıxdı. Tellur isə dünəndən komanda ilə məşqlərə başlayıb. Gələcək oyunlarda şans qazana bilər.

 

- Ruslan Abışov əsas millidəki və klubundakı mövqeyindən fərqli yerdə oynayır. Onu daha çox müdafiənin mərkəzində sınayırsınız...

- Ruslan karyerasına mərkəz müdafiəçisi kimi başlayıb. İndi də 3-lü müdafiə taktikasında sol ayağı işlək oyunçu kimi o mövqedə bizə çox köməyi dəyir.

 

- Artıq iki oyun geridə qalıb. Sizcə komandamız hansı nəticəyə ümid edə bilər?

- Mən daha əvvəl də demişəm ki, ısas məqsəd qrupdan çıxmaqdır. Yalnız bundan sonra daha böyük hədəflər haqqında danışmaq olar.

 

- Səudiyyə Ərəbistanının baş məşqçisi növbəti rəqibimiz Mərakeşin bizdən daha güclü komanda olduğunu dedi. Siz necə düşünürsüz?

- Oyuna kimi hazırlaşacağıq, çalışacağıq ki, qalib gələk. Bizi heç-heçənin də qane etməsinə baxmayaraq, elə bir niyyətimiz yoxdur, yalnız qələbə üçün oynayacağıq.

0