Georgi Adamiya: “Olimpik” 1 xalla da kifayətlənə bilər”
11.04.2008 - 15:23
Georgi Adamiya: “Olimpik” 1 xalla da kifayətlənə bilər”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Hətta “Milan”ın da müdafiəsi keçilməz deyil. O ki qalmışdı “Olimpik”ə”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Neftçi” klubunun hücumçusu Georgi Adamiya deyib. 27 yaşlı gürcüstanlı Azərbaycan Premyer Liqasının 21-ci turunda flaqmanla qarşılaşacaq “Olimpik” klubunun 19 oyunda cəmi 3 qol buraxmasının sirrini açmayıb: “Bu sirri mətbuata demək olmaz. Hər şey oyunun gedişində alınır. Əvvəllər “Olimpik”ə qol vurmuşam, yəqin ki, yenə də alınar”. Ötən mövsüm “Olimpik”i birinci dövrədə 3:0 hesabı ilə məğlub edən “Neftçi”nin qollarından birinə imza atan G.Adamiya ikinci dövrədə çempionluğun itirildiyi matçda zədəli olsa belə, komandasına kömək etmək üçün meydana çıxmışdı. Həmin məğlubiyyətlə qızıl medalları əldən verən flaqmanın universal oyunçusu son iki turda meydanı qolsuz tərk etmir: “Revanş haqda yox, 3 xal haqda düşünürük. Rəqib bu oyunda heç-heçə ilə də kifayətlənə bilər. Bizə isə yalnız qələbə lazımdır”.
Bu görüşdə cəza üzündən iştirak etməyəcək qapıçı Rauf Mehdiyev haqda yüksək fikirdə olan G.Adamiya qarşılaşmanın əcnəbi hakim Knut Kirxerə həvalə olunmasını da müsbət qarşılayır: “Onların çox yaxşı qapıçısı var. Onun cəzalı olması “Olimpik” üçün böyük itkidir. Matçın almaniyalı hakimə tapşırılması əla qarşılayıram. Amma futbolu hakim yox, biz oynamalıyıq”.
Qeyd edək ki, “Olimpik”lə “Neftçi”nin Premyer Liqada keçirdiyi 5 oyunda flaqman 2, rəqibi isə 1 qələbə qazanıb.
0