[b]“Anam döyüşlərimi nəinki zalda, heç televizorda izləyə bilmir”[/b]
14.05.2017 - 17:44
[b]“Anam döyüşlərimi nəinki zalda, heç televizorda izləyə bilmir”[/b]

60 kq çəki dərəcəsində IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan cüdoçu Orxan Səfərovun apasport.az saytına müsahibəsi

 

- Doğma diyarda qızıl medal qazanmaq, birinci olmaq necə hissdi?

- Çox gözəl, dünəndən sevinirəm. Şükürlər olsun ki, hər şey belə yaxşı qurtardı.

 

- İki il əvvəl Bakıda keçirilən I Avropa Oyunlarında gümüş mükafatçı olmuşdunuz. Bu dəfə isə öz ölkənizdə birinci yeri tutdunuz...

- Əslində, I Avropa Oyunlarında da qızıl medal qazanmağa çox yaxın idim. Sadəcə, zədələndiyim üçün bu arzum həyata keçməmişdi. İslam Həmrəyliyi Oyunlarında da çempionluğa iddiamı göstərdim. Birinci olacağımı gözləyirdim.

 

- Türkiyə təmsilçisi Bəkir Özlü ilə final döyüşünü İslamiadadakı ən çətin görüşünüz saymaq olar?
- 60 kq çəkidə Bakıya çox güclü idmançılar gəlmişdi. Gərgin rəqabət var idi. Son olimpiada və Asiya çempionatının mükafatçıları, həmçinin son Avropa çempionatının gümüş medalçısı bizim çəkidə idi. Olimpiadada qarşılaşdığım qırğızıstanlı idmançı orada da mənə çətinlik yaratmışdı, bu dəfə də elə oldu. Çətinliklə də olsa, ona qalib gələ bildim. Final da daxil olmaqla, bütün görüşlərim ağır keçdi.

 

- Qızıl medal uğrunda döyüşün gedişində hesabda geri düşdünüz. Həmin anda hansı hissləri keçirdiniz?

- Finaldakı rəqibim Bəkir Özlünü də tanıyırdım. İki həftə qabaq Avropa çempionatında ona qalib gəlmişdim. Bu dəfə də hansı taktika ilə güləşəcəyimi bilirdim. Öncə yıxılmamaq, son dəqiqədə isə xal almaqla qələbə qazanmaq fikrində idim. Amma elə oldu ki, döyüşün gedişində rəqib önə keçdi. Buna baxmayaraq, həyəcanlanmadım. Bilirdim ki, döyüşün sonlarında türkiyəli idmançı yorulacaq. Çünki fiziki cəhətdən, nəfəs baxımından çox zəifdi. Həmişə bu komponentdə mənə uduzub. Fiziki cəhətdən daha güclü olduğum üçün onu qabaqlayıram. Bu dəfə də elə oldu. Döyüşün sonlarında önə keçəcəyimi gözləyirdim.

 

- Qazandığınız uğuru kimə həsr edirsiniz?

- Bütün qələbələrimi anama həsr edirəm. Anam döyüşlərimi nəinki zalda, heç televizorda izləyə bilmir. Həyəcanlanır. Qalib olandan sonra özüm zəng edib, şad xəbəri çatdırdım. Anam neçə illərdi çəkdiyim əziyyəti görüb. Buna görə də, uğuruma çox sevindi, gözləri doldu. 

 

- Doğma publika önündə güləşəndə məsuliyyət daha çox olur. Bəzi idmançılara bu, mənfi təsir göstərir. Öz ölkənizdə yarışmaq sizin də üzərinizdə əlavə təzyiq yaradır?

- Həqiqətən də, bu məqam biz idmançılarda əlavə basqı yaradır. Çünki ikiqat məsuliyyətlə güləşirsən. Kənarda yarışanda adamın vecinə olmur, rahat çıxıb döyüşürsən. Amma öz ölkəndə fərqlidi. Komanda şəklində asan olsa da, tək mübarizələrdə çox çətindi.

 

- Bu nailiyyətdən sonra qarşınıza hansı məqsədi qoymusunuz?

- Bundan sonra bütün fikrimi dünya çempionatına yönəldəcəm. Bu turnirdə də sözümü deməyə çalışacam. Ondan sonra isə 2020-ci ildə Tokioda keçiriləcək olimpiada ilə bağlı planlar quracağıq. Avropa və dünya çempionatı, Qran-pri, Avropa Oyunları, İslamiada və digər turnirlərdə yer tutmuşam. Təkcə qalıb Olimpiya medalı. İnşallah, onu da qazanaram. Qarşıma məqsəd qoymuşam ki, olimpiya çempionu olmalıyam.

 

Tengiz MƏMMƏDOV

0