[b]“Qol vurdular ki, hakim də saymasın?” – Məqsəd İsayev[/b]
16.05.2017 - 00:00
[b]“Qol vurdular ki, hakim də saymasın?” – Məqsəd İsayev[/b]

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında bu gün Mərakeşlə üz-üzə gələn və qolsun heç-heçə etməklə qrup mərhələsini ikinci pillədə başa vuran U-23 yığmamızın müdafiəçisi Məqsəd İsayev oyundan sonra apasport.az saytına müsahibə verib.

 

- Matç çox aqressiv keçdi. Buna nə dərəcədə hazır idiniz?

- Güclü rəqiblə qarşılaşdıq. Bəlkə də turnirin ən güclü komandası idi. Oyun çox gərgin keçdi. Məqsədimiz mərhələni adlamaq idi, buna nail olduq. Amma meydanda çox sərt mübarizə getdi.

 

- Bu sərtlik rəqibin istəyindən irəli gəlirdi?

- Onları ancaq qələbə qane edəcəkdi. Buna görə də nəyin bahasına olur-olsun qələbə qazanmaq istəyirdilər. Bizə isə heç-heçə də kifayət edirdi. Oyunu bir qədər də ləngitdik. Bu da onları qıcıqlandıran məqamlardan oldu. Nəticədə sərtlik qaçılmaz idi.

 

- Rəqib futbolçu nəticədə hakim təsirinin daha çox olduğunu qabartdı…

- Elə deməzdim. Qol vurdular ki, hakim də saymasın? Penalti epizodlarına gəldikdə, birincini görmədim, amma ikinci epizodda rəqib hücumçu açıq ayaqla hücum etdi. Buna görə də penalti verməzlər.

 

- Püşkdən sonra baş məşqçi Yaşar Vahabzadə ümidsiz danışırdı. Bəs komanda necə toparlandı və motivasiya oldu?

- Baş məşqçidən çox şey asılıdı. Oyunlara yaxşı motivasiya etməyi bacardı. Həm onlar, həm də biz ölkəmizdə ilk dəfə keçirilən Oyunlarda uğur qazanmaq, ümidləri doğrultmaq istəyirik. İstəyimizi də addım-addım reallaşdırırıq. İştirakçı komandalar da görsün ki, Azərbaycanda futbol inkişaf edir.

 

- Növbəti rəqib Əlcəzairdi. Onları üstələmək mümkün olacaq?

- Oyunlarını izləyəcəyik. Baş məşqçimiz necə oynamaq lazım olduğunu deyəcək. Hər halda, bir tədbir görəcəyik. Ancaq qələbə qazanmaq, finala çıxmaq istəyirik.

 

- Yeri gəlmişkən, yarımfinal oyunları Dalğa Arenada keçiriləcək. Şəhərin mərkəz hissəsinə yaxın Arenanın heç yarısını doldurmayan azarkeşlər Mərdəkana gedəcəklərmi?

- Azarkeşlərin sayının az olmasında oyunun başlama vaxtının da təsiri oldu. Əksər insanlar işdən saat 6-da çıxırlar. Belədə gəlib çatmaq olmur. Biletlərin hamısının satıldığını mətbuatdan biz də oxumuşduq. Yarımfinal və final oyunlarına daha çox azarkeşin gələcəyinə ümid edirik.

 

- Meydanı zədə üzündən erkən tərk etdiniz. Növbəti oyuna çıxa biləcəksiniz?

- Zədəm yüngüldü. Oynamağıma problem yaratmayacaq.

 

- Süni örtükdən təbiiyə keçəcəksiniz. Oyunun keyfiyyətinə nə dərəcədə təsir edəcək?

- Biz məşqlərimizi onsuz da təbii örtükdə edirdik. Bu, bizim xeyrimizə işləyəcək. Daha keyfiyyətli futbol oynamaq mümkündü.

0