[b]Elxan Məmmədov: Bir-birimizdən ehtiyatlanırdıq - MÜSAHİBƏ[/b]
16.05.2017 - 15:39
[b]Elxan Məmmədov: Bir-birimizdən ehtiyatlanırdıq - MÜSAHİBƏ[/b]

IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanan cüdoçu Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə idmançımız maraqlı fikirlər səsləndirib.

 

- Həm fərdi, həm də komanda yarışında qızıl medal əldə etdiniz. Qısa müddət ərzində qazandığınız 2 çempionluq sizin üçün nə deməkdi?

- Həqiqətən də, bu 1 ay mənim üçün çox uğurlu oldu. İslamiadadan öncə Avropa çempionatında birinci yeri tutdum. İndi isə İslam Həmrəyliyi Oyunlarında həm fərdi, həm də komanda yarışında “qızıl” qazandım. Bu, 1 ayın uğuru deyil, neçə illərin zəhmətidi.

 

- Komanda yarışında da çempion olacağınızı gözləyirdinizmi?

- Komandamız çox güclüdü. Hər şey göz qabağında idi. Sadəcə, finalda Rüstəm Orucov və Məmmədəli Mehdiyevin məğlubiyyəti bizi çətin vəziyyətə saldı. Kritik anlar keçirdik. Amma çox şükürlər olsun ki, Uşanqi Kokauri vacib qələbə qazanaraq, komandanı xilas etdi.

 

- Fərdi yarış zamanı finalda Azərbaycanın digər cüdoçusu Elmar Qasımovla qarşılaşdınız. Bu necə hiss idi?

- Bildiyiniz kimi, Elmar dünyanın ən güclü cüdoçularından biridi. Hazırda dünya reytinqində birinci yerdə qərarlaşıb. Avropa çempionatının yarımfinalında da onunla üz-üzə gəlmişdik, orada da qalib gəlmişdim. İslamiadanın finalında bir-birimizdən ehtiyatlanırdıq. Sadəcə, Elmarın bir texniki səhvini tutdum və bunun hesabına qələbə qazandım. Elmarla döşəkdə rəqibik. Tatamidə dost yoxdu, orada hamı bir-birinə rəqibdi. Kənarda isə dostuq, normal münasibətimiz var, hər şey yaxşıdı.

 

- İki azərbaycanlı idmançının finalda qarşılaşması hər iki tərəfdə arxayınlıq yaradırmı? Çünki kimin qalib gəlməsindən asılı olmayaraq, sonda Azərbaycan himni səslənəcək...

- Ölkəmizin bu çəkidə 2 idmançı ilə təmsil olunmasının səbəbi o idi ki, yığma komandanın məşqçiləri Azərbaycanın ən güclü heyətini İslamiadaya buraxmışdılar. Buna görə də, kişilərdən ibarət cüdo millimiz maksimum nəticə verdi, 5 “qızıl”, 2 “gümüş” əldə etdik. Buna görə də, 2 finalda azərbaycanlı cüdoçuların qarşılaşması normal idi. Finalda Rüstəmlə Hidayət və Elmarlə mən qarşılaşdıq. Biz öz çəkimizdə ən güclülərdənik.

 

- Uğurun düsturu nədən ibarətdi?

- Məqsəd, rejim və işi sevməkdən.

 

- Qeydə alınan nəticələrdən sonra Azərbaycanı İslamiadanın ən güclü cüdo ölkəsi adlandırmaq olarmı?

- Bəli, bu belədi. Azərbaycan yığması nəinki İslam dünyasının, planetin ən güclülərindən biridi.

 

- 35 yaş idmanda, xüsusilə, cüdoda çox yaş deməkdi. Qarşıdan isə Yay Olimpiya Oyunları gəlir. Özünüzdə o gücü hiss edirsinizmi? Olimpiadada fiziki cəhətdən çatdıra bilərsiniz? 

- İçimdə güc var, güləşmək fikrindəyəm. Amma bunu zaman göstərəcək. Hər günün öz hökmü var. Buna görə də, sabahla bağlı dəqiq heç nə deyə bilmərəm.

 

 

0