[b]“Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm”[/b]
17.05.2017 - 16:10
[b]“Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm”[/b]

IV İslam Həmrəyliyi Oyunlarında 54 kq çəki dərəcəsində gümüş medal qazanan taekvondoçu Qaşım Maqomedov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə taekvondo millimizin üzvü imza atdığı nəticədən, növbəti hədəflərindən danışıb.

 

- İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarımızın sırasına düşməyi bacardınız. Bu barədə nə deyə bilərsiniz?

- İslamiadada gümüş medal qazanmaq mənim üçün böyük uğurdu. İlk növbədə, ona görə ki, yarış Azərbaycanda keçirilir. Mükafatçılar sırasına düşmək mənim üçün vacib idi. Qazandığım nəticəyə görə Allaha şükür edirəm.

 

- Azarkeş dəstəyindən razı qaldınızmı?

- Hər şey yüksək səviyyədədi. Yalnız xoş sözlər demək mümkündü. Açığı, hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Zaldakı atmosferi möhtəşəm idi. Hər dəfə döyüşə çıxanda insanların dəstəyini hiss edirdim. Bu, super idi.

 

- İranlı idmançı Mehdi Eşaqi ilə keçirdiyiniz final döyüşündə son dəqiqələrə kimi hesabda öndə idiniz. Lakin daha sonra üstünlüyü əldən verdiniz. Rəqib əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə əlavə edilmiş vaxtda sizə qalib gəldi. Nə baş verdi ki, öndə olduğunuz görüşdə məğlubiyyətlə üzləşdiniz?

- Tamamilə düz qeyd etdiniz. Final döyüşümdə hesabda önə keçməyi bacarmışdım. Bu üstünlüyü saxlamaq lazım idi. Niyə belə alındığını bilmirəm. Həmin anda nə baş verdiyini özüm də tam anlamadım. Bunun bəxtsizlik və ya nə olduğunu bilmirəm. Başa düşməkdə çətinlik çəkirəm.

 

- Əlavə edilmiş vaxtda məşqçiniz sizə hansı tapşırıqları verdi?

- Dedi ki, toparlanmaq lazımdı, qələbə qazanıb, İslamiadanın qalibi ola bilərsən. Məni Azərbaycanda qazana biləcəyim qızıl medalın gözlədiyini bildirdi. Əlavə edilmiş vaxta da ciddiyyətlə çıxmışdım. Sadəcə, bəxtim gətirmədi.

 

- Qarşıda taekvondoçularımızı dünya çempionatı gözləyir. Bu turnirdə hansı nəticəyə imza atacağınızı düşünürsüz?

- Bizi böyük turnir gözləyir. Koreyada keçiriləcək dünya çempionatı hər birimiz üçün önəmlidi. Amma indi dincəlməliyik. Bir həftəlik istirahətdən sonra məşqlərə başlayacağıq.

 

0