[b]“Məqsədim Avropa çempionatından medalla qayıtmaqdı” - Cavid Çələbiyev[/b]
19.05.2017 - 17:58
[b]“Məqsədim Avropa çempionatından medalla qayıtmaqdı” - Cavid Çələbiyev[/b]

IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanan boksçumuz Cavid Çələbiyevin apasport.az saytına müsahibəsi

 

- Bakıda keçirilən İslamiadanın qızıl mükafatçısı oldunuz. Halbuki yeni çəki dərəcəsində ilk böyük sınağınız idi. Bu uğura imza atacağınızı gözləyirdinizmi?

- Düz vurğuladınız ki, yeni çəkidə mənim üçün ilk sınaq idi. 60 kq-da birinci dəfə idi ki, böyük yarışda çıxış edirdim. İslamiadaya yaxşı hazırlaşmışdım. Şükürlər olsun ki, məşqlərdə çəkdiyim əziyyətin bəhrəsini görə bildim. Məqsədim çempion olmaq idi ki, buna da nail oldum. Yeni çəkidə çıxış etməyimə baxmayaraq, ölkəmə qızıl medal qazandırdım.

 

- Yarışda ən çətin görüşünüz hansı oldu?

- Əslində, bütün döyüşlər eyni qaydada keçdi. Boksda asan görüş olmur. Amma final qarşılaşmasını xüsusi qeyd etmək istərdim. Ölkə başçısı həmin döyüşü tribunadan izləyirdi. Bunu bildiyim üçün üzərimdə daha çox məsuliyyət hissi var idi. Çox şükür, etimadları doğrulda bildim. Qızıl medal uğrunda qarşılaşmada iraqlı Ammar Karbalai ilə üz-üzə gəldim. Rəqibimdən aşkar şəkildə üstün olaraq, İslamiadanın çempionu tituluna yiyələndim.

 

- Yeni çəki dərəcəsində qarşıdakı yarışlarda da uğur əldə edə biləcəksiniz, yoxsa sizin üçün çətin olacaq?

- Az müddətdən sonra Avropa çempionatı olacaq. Daha sonra isə dünya çempionatına qatılacağıq. İslam Həmrəyliyi Oyunlarında çıxışımızı bitirdikdən sonra məşqçilər tərəfindən bizə 3-4 günlük istirahət verilib. Dincəlib, ardınca yenidən təlim-məşq toplanışına başlayacağıq və Avropa çempionatına hazırlaşacağıq.

 

- Dünya çempionu tituluna 2013-cü ildə Almatı şəhərində yiyələnmisiniz. Bəs Avropa birincisi olmaq şansınız nə qədərdi?

- Bu yarışa da ciddi hazırlaşacağam. Məqsədim Avropa çempionatından medalla qayıtmaqdı. Ən böyük hədəflərimdən biri qitə birincisi olmaqdı. İnşallah, istəyimə çataram. 

0