[b]"Zirə"nin çempionluq üzü görməyən 14 yaşlı rəqibi - “Differdanj”[/b]
19.06.2017 - 17:01
[b]"Zirə"nin çempionluq üzü görməyən 14 yaşlı rəqibi - “Differdanj”[/b]

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Differdanj”ın yaranma tarixi 2003-cü il hesab edilir. Apasport.az saytının məlumatına görə, klub iki komandanın birləşməsi nəticəsində fəaliyyətə başlayıb.

 

Belə ki, 2003-cü ildə “Red Boys Differdanj”la “AS Differdanj” birləşəndə birincilər II, ikincilər isə III liqada mübarizə aparırdılar. 2003-04 mövsümündən Lüksemburqun II divizionunda mübarizəyə başlayan “Differdanj” iki il sonra çempion kimi elitaya vəsiqə əldə edib. 2008-09 və 2014-15 mövsümlərində Lüksemburq çempionatının gümüş medalını qazanan komanda 4 dəfə də (2009-10, 2010-11, 2013-14, 2014-15) ölkə kubokunun qalibi olub. İki klubun birləşməsindən əvvəl isə “Red Boys Differdanj” 6 dəfə ölkə çempionu olub, 15 dəfə də kuboku qazanıb.

 

2007-ci ildə avrokubok macərasına başlayan “qırmızı-qaralar” 2009-10 mövsümündən bəri Avropa arenasında müntəzəm çıxış edirlər. “Zirə”nin rəqibi hətta bir dəfə Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyib. Belə ki, 2011-12 mövsümündə “Levadiya” və “Olimpiakos”u mübarizədən kənarlaşdıran “Differdanj” yalnız PSJ səddinə ilişib.

 

2013-14 mövsümündə Avroliqanın III təsnifat mərhələsinə qədər “Laçi” və “Utrext”i üstələyən Lüksemburq təmsilçisi ümumilikdə avrokuboklarda 30 matçda iştirak edib. Bunun 10-da qələbə qazanıb, 16-da məğlubiyyətə üzülən komanda 4 dəfə heç-heçəyə imza atıb. “Differdanj” avrokubokda sonuncu qələbəsini 2015-16 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “Bala Taun” (Uels) üzərində qazanıb.

 

Fransalı Paskal Karzaniqanın çalışdırdığı “Differdanj” ev oyunlarını 2400 tamaşaçı tutumuna malik olan “Munisipial de la Ville” stadionunda keçirir.

 

Komandanın heyətində 24 futbolçu var ki, onlardan 8-i əcnəbidi. Belə ki, Fransadan 6, Tunis və Belçikadan isə 1 oyunçu “Differdanj”ın formasını geyinir.

 

0