AFFA Rövşən Əhmədovu 5 oyunluq cəzalandırıb
17.04.2008 - 15:02
AFFA Rövşən Əhmədovu 5 oyunluq cəzalandırıb
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA milli dərəcəli hakim Rövşən Əhmədovu “İnter” – “Karvan” oyunundakı buraxdığı səhvə görə 5 oyunluq cəzalandırıb. Bu haqda “APA-Sport” agentliyinə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, qərar bu gün keçirilən iclasında qurumun sabiq üzvlərinin iştirakı ilə qəbul olunub: “Əhmədov haqda qərar Nizam-İntizam Məcəlləsinin 5-ci maddəsinə uyğun çıxarılıb. Orada göstərilir ki, hakim oyunda səhvən penalti təyin edərsə, təyin etməzsə və yaxud buraxılan səhv matçın yekun nəticəsinə təsir etmirsə, ilk dəfə olaraq 5 oyunluq cəza verilir. Biz ilk dəfə olduğunu nəzərə alıb, Əhmədovu bu qədər cəzalandırdıq. Həmin maddədə ikinci dəfə belə hal olarsa, 10 oyunluq cəza, üçüncü dəfə təkrarlanacağı halda, lisenziya əlindən alınması göstərilib”.
R.Əhmədov Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində aprelin 6-da “Şəfa” stadionunda idarə etdiyi “İnter” – “Karvan” görüşündə (3:1) qonaq komandanın qapısına təyin etdiyi penalti zərbəsi səhv qərar olub. Bunu təsdiqləyən matçın hakim-inspektoru Rüstəm Rəhimov baş hakimə idarəçiliyinə görə 6 bal verib ki, bu da kafi qiymət sayılır.
Qeyd edək ki, R.Əhmədov cari mövsümdə cəzalanan 12-ci olub.
0