Bülənt Uyğun: “Berti Foqtsdan soruşmaq lazımdır ki, öhdəsindən gələ bilməyəcəyi işin altına niyə girir?”
18.04.2008 - 11:12
Bülənt Uyğun: “Berti Foqtsdan soruşmaq lazımdır ki, öhdəsindən gələ bilməyəcəyi işin altına niyə girir?”
- Cari mövsümdə Türkiyədə çoxlarının tanış olmadığı bir vəziyyət yaranıb. Belə ki, uzun fasilədən sonra Anadolu komandası çempionluq uğrunda mübarizə aparır. Belə mübariz bir kollektiv yaratmağa necə nail oldunuz?
- Həqiqətən bütün Türkiyənin həsədlə baxdığı bir klub yaratdıq. Anadolu komandaları üçün örnək olduq. Hal-hazırda 1-2-ci yerdə olan komandalardan cəmi 3 xal geridəyik. İşlər bizim istədiyimiz kimi gedərsə, çempion ola bilərik. Yeri gəlmişkən, Azərbaycan futbolu da bizi örnək kimi qəbul edə bilər. Çünki müvəffəqiyyət qazanmağımız üçün heç də böyük büdcələrə ehtiyac yoxdur. Sadəcə, görəcəyiniz işdə uğurlu olacağınıza inanmağınız lazımdır.
- Bu gün Azərbaycan futbolu Türkiyənin 20-30 il əvvəl üzləşdiyi böyük hesablı məğlubiyyətlər dönəmini yaşayır. Məşqçi kimi ölkədə futbolun inkişaf etdirilməsi üçün siz nə fikirləşirsiniz?
- Futbolun inkişaf etdirilməsi üçün hər şeydən əvvəl oradakı futbol atmosferini yaxından hiss edə bilən məşqçilər lazımdır. Müvəffəqiyyət qazanmaq istəyən və özünü həmin ölkəyə yaxın hiss edən tanınan futbol adamları işlə ciddi məşğul olmalıdırlar. Mən Berti Foqtsu tənqid etmək üçün demirəm. Səhv etmirəmsə, müsahibələrinin birində deyib ki, 2010-cu il dünya çempionatında iştirak etməyimiz mümkün deyil. Yaxşı, onda öhdəsindən gələ bilməyəcəyi işin altına niyə girir? Bunu Foqtsdan soruşmaq lazımdır: bir halda ki, özü inanmır – niyə yığma komandaya gəlir? Özü inanmırsa, oyunçuları necə inandıracaq? Mövsümün əvvəlində bizim üçün də müsbət şeylər demirdilər. Ancaq biz buna inanardıq. Mən heç vaxt çempion olacağımızı deməsəm də, çempion ola biləcəyimizə inanmış və oyunçularımı da buna inandırmışdım. Futbolçulara həmişə deyirdim ki, biz çempion olacağıq. Azərbaycan yığma komandasının baş məşqçiliyinə oradakı insanları sevən və onlarla eyni havanı tənəffüs edən adam gətirilsəydi, müvəffəqiyyət qazanmaq daha asan olardı. 2 illik plan hazırlanıb həyata keçirilsə, mütləq müvəffəqiyyət qazanıla biləcəyinə inanıram.
- Azərbaycan yığmasının futbolçusu İlqar Qurbanov son vaxtlar meydana çıxmır...
- İlqardan çox razıyam. Onunla işləmək bizi məmnun edir. Amma Qurbanovu müntəzəm oynadıb mediadakı “qurdlara” yem etmək istəmirik - yavaş-yavaş hazırlayırıq. Biz İlqarı Azərbaycan futbolunun qüruru olaraq Türk futboluna qazandıracağıq. Bu yolla həm Azərbaycandan da yaxşı oyunçular çıxa biləcəyini göstərmək, həm də qardaş ölkədə futbolun inkişafına müəyyən dərəcədə kömək etmək istəyirik.
- Komandanıza gələcəkdə də Azərbaycanda futbolçu axtarmağı düşünürsünüzmü?
- Əlbəttə. Biz indi İlqardan da məlumat alırıq. Bir də mənim köməkçilərim var – Əsəd bəy, Səfər bəy - onlar da daim axtarışdadır. Azərbaycan futbolunu inkişaf etdirmək üçün bizim də üzərimizə bir vəzifə düşərsə, bunu sevə-sevə və şərəflə edərik. Əgər doğru plan-proqramlar və müvəffəqiyyət qazanmaq istəyən adamlarla çalışırlarsa, Azərbaycan futbolunun dünya arenasında mütləq öz yerini tapacağına inanıram.
0