Bir aktyorun tamaşası
18.04.2008 - 13:24
Bir aktyorun tamaşası
Rövnəq Abdullayevin platforması ilə tanış olarkən KİV nümayəndələri ilə əməkdaşlığa dair xüsusi bir bəndin həsr olunduğunu görüb, əməlli-başlı sevinmişdim. “İnformasiya təminatının keyfiyyət və səmərəliliyinin artırılması, elektron və mətbu KİV orqanları ilə əlaqələrin genişləndirilməsi” başlıqlı abzasda gələcəkdə AFFA rəsmiləri və jurnalistlər arasında qurulacaq əlaqələrdən, güllü-çiçəkli münasibətlərdən ağızdolusu danışılıb. Ancaq son vaxtlar media təmsilçilərinə qarşı hörmətsizlik bir-birini əvəzləyir. İndi isə faktları sadalayacağıq.
Əvvəla, Rövnəq Abdullayevin prezidentliyinin 12-ci gününə təsadüf edən Litva- Azərbaycan qarşılaşmasında jurnalistlərin iştirakına qadağa qoyulmuşdu. Halbuki, milli komandamızın bundan öncəki səfər matçlarına bir neçə KİV nümayəndəsi ezam olunar, yığmanın düşərgəsindən reportajlar hazırlayardı. Lakin Abdullayevin jurnalistlərə sürprizi özünü çox gözlətmədi. Nəticədə Vilnüsə bir azərbaycanlı jurnalist belə ayağını basa bilmədi. Sivil ölkələrdə isə milli assosiasiya rəhbərliyi yığmanın oyununun işıqlandırılmasında marağını gizlətmir, bu məqsədlə konkret addımlar atır. AFFA-dan öz maliyyə vəsaiti hesabına media nümayəndələrini xaricə ezam etməsini ummuruq. Hər halda, Abdullayevin xəbəri olmalıdır ki, rəhbərlik etdiyi qurumda “300 dollar verin sizi Litvaya aparım” sözlərini işlədən dəllallar çalışır. Ən təəccüblüsü isə budur ki, həmin dəllallar sonradan “100 avroya Litva səfəri düzələr” deyərək, bazar açırlar. Belələri nəinki AFFA-da işləməyə, heç oranın qapısından içəri buraxılmağa layiq deyillər. AFFA-da işinin öhdəsindən gəlməyi bacaran baş katibə, vitse-prezidentə, mətbuat katibinə ehtiyac var. “Bazarkomlar” üçün çoxlu yarmarkalar, kolxoz bazarları mövcuddur, buyurun, işləyin. Cənab Abdullayev, islahatlar zamanıdır! Bu komanda futbolumuzu uçuruma aparır!
İkinci ən önəmli faktın üstündən isə bir neçə saat ötüb. Deməli, yığmanın baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Amma tədbirdə nə ölkənin əsas telekanalı, nə əsas idman agentliyi, nə də əsas idman qəzeti iştirak edib. Sizcə, belə tədbirə mətbuat konfransı demək düzgündür, yoxsa bir aktyorun tamaşası? Belə başa düşmək olar ki, Foqts təkcə oturaraq, öz-özünə danışıb, AFFA-nın rəsmi saytının əməkdaşları onun dediklərini qeyd ediblər. Şübhəsiz ki, həmin mətbuat konfransında duzsuz suallar və duzsuz cavablardan başqa heç nə eşitmək mümkün deyil. Çünki AFFA-nın rəsmi saytı və Dövlət Proqramının müddəalarının həyata keçirilməsi üçün ayrılmış maddi vəsaitdən maliyyələşən qəzeti elə təsəvvür yaratmaq istəyir ki, sanki Azərbaycan futbolunun heç bir problemi yoxdur. Sanki Almaniya Futbol İttifaqı Berti Foqtsu AFFA-ya sırımayıb. Sanki futbol assosiasiyamızda pullar havaya sovrulmur. Sanki futbol ictimaiyyəti AFFA-nın bəzi əməkdaşlarının iç üzündən xəbərsizdir.
Milli komandanın yeni mətbuat katibinə uğurlar arzulayıram. Eyni zamanda, həmkarlarım adından onu diqqətli olmağa çağırıram. Əgər mətbuat katibi bu gün aparıcı telekanal, agentlik və qəzetləri mətbuat konfransına çağırmağı unudursa, deməli sabah o, öz adını da yadından çıxaracaq.
Cənablar, insanların heysiyyatı ilə oynamayın! Bir halda ki, jurnalistləri başınızdan rədd edəcəkdiniz, onda KİV-lə əlaqələrə dair gəlişigözəl sözlər işlətməyə ehtiyac yox idi. Həm də unutmayın ki, təsir əks təsirə bərabərdir. Nyutonun bu qanunu nə vaxtsa sizlərə başağrısı gətirə bilər. Buna, əsla şübhəniz olmasın!


0