[b]“Yagelloniya”nın çalışdırıcısı nədən narahatdı?[/b]
17.07.2017 - 11:30
[b]“Yagelloniya”nın çalışdırıcısı nədən narahatdı?[/b]

“Gizlətmirəm, bizim üçün çox çətin oyun alındı. Azərbaycandan döndükdən bərpaya vaxt olmasa da, cəmi 2 gün sonra meydana çıxdıq və qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.

 

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi dünən Polşa Ekstraklassasının açılış turunda “Termalika”nın qonağı olub və 1:0 hesablı qələbə qazanıb.

 

“Qəbələ” ilə Bakıda keçirilən qarşılaşmadakı heyətdə 5 dəyişiklik edən Mamrot Avropa Liqasında cavab matçı öncəsi narahatdı. O, yerli mətbuata açıqlamasında zədəli oyunçuların çoxluğunun digər futbolçuların yorulmalarına səbəb olduğunu bildirib: “Demək olar ki, 3 gündən bir meydana çıxırıq. Bu səbəbdən də eyni oyunçularla mübarizə aparmaq mümkün deyil. Təəssüf ki, zədəli futbolçularımız da var. Onların tezliklə sıraya dönməsi işimizi asanlaşdırar. Rafal Qjib və Karol Sviderski artıq fərdi məşqlərə başlayıblar. Ancaq onların bizə qoşulmaları üçün bir qədər gözləməliyik. Bu problemləri nəzərə alsaq, “Qəbələ” ilə matç çətin keçəcək. Çünki “Termalika” ilə oyunun gedişində bəzi oyunçuların yorulduğunu müşahidə etdim”.

 

Qeyd edək ki, Bakıda qollu heç-heçə (1:1) edən “Yagelloniya” ilə “Qəbələ” iyulun 20-də Polşada üz-üzə gələcək.

0