[b]“Qalatasaray” “İnter”ə rəqib olmasa...[/b]
17.07.2017 - 17:00
[b]“Qalatasaray” “İnter”ə rəqib olmasa...[/b]

“Qalatasaray” həftə ərzində baş məşqçi İqor Tudorla yollarını ayıra bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssisin taleyi “Ostersun”la Avropa Liqasının II təsnifat mərhələsi matçından asılıdı.

 

İlk görüşdə İsveçdə 0:2 hesabı ilə məğlub olan “cim-bom” iyulun 20-də İstanbulda rəqibindən revanşı almağa çalışacaq. “Sarı-qırmızılılar” bunu bacarmasa və avrokubokla vidalaşsalar, o zaman Tudor da rəhbərlik tərəfindən istefaya göndəriləcək. 39 yaşlı mütəxəssis qovularsa, klub ona 1 milyon avro təzminat ödəməli olacaq.

 

Vaxt itirmədən yeni baş məşqçi axtarışlarına başlayan Türkiyə nəhənginin ilk hədəfi Mirça Luçeskudu. “Zenit”lə yollarını ayıran rumıniyalı mütəxəssislə klub prezidenti Dursun Özbək arasında bir görüş baş tutub.

 

“Qalatasaray” sabiq çalışdırıcısını razı sala bilməsə, diqqətlərini Almaniyaya yönəldəcək. Rəhbərliyin alternativləri Tomas Tuxel və Tomas Şaafdı. Hazırda işsiz olan hər iki məşqçi ilə aparılan danışıqlar müsbət yöndə davam edir. Luçesku “yox” cavabını verərsə, rəhbərlik öncə Tuxellə danışıq masası arxasında əyləşəcək.

 

Qeyd edək ki, “Qalatasaray” “Ostersun” səddini keçərsə, III təsnifat mərhələsində “İnter” – “Fola” cütünün qalibi ilə qarşılaşcaq. İlk görüşdə evdə 1:0 hesabı ilə qələbə qazanan bakılılar iyulun 20-də Lüksemburq təmsilçisi ilə səfərdə cavab matçına çıxacaq.

0