[b]“İnter” bu günə düşməmişdi[/b]
21.07.2017 - 12:17
[b]“İnter” bu günə düşməmişdi[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu Bakının “İnter” klubu üçün uğursuzluqla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi özü üçün görünməmiş hadisə ilə üzləşib.

 

Lüksemburqda “Fola”ya 1:4 hesabı ilə uduzan Zaur Svanadzenin yetirmələri tarixində ilk dəfə avrokubokda bu qədər qol buraxıb. 34-cü dəfə qitə miqyaslı turnirdə meydana çıxan “İnter”ə bunadək heç bir komanda 4 top vurmamışdı.

 

Bakılılar ən pis halda – 3 qola üzülmüşdü. Buna da cəmi 2 dəfə təsadüf olunub. Sonuncu belə hadisə 2009-cu ildə Trnava “Spartak”ı ilə matçda qeydə alınıb.

 

“İnter”in qapısına 2-dən artıq qol vuran ilk komanda isə “Tampere”olub. 2004-cü ildə İntertoto kubokunda çıxış edən paytaxt təmsilçisi debüt mövsümünün II mərhələsində Finlandiyada 0:3 hesabı ilə uduzmuşdu. Bu, həm də “İnter”in avrokuboklarda ilk böyükhesablı məğlubiyyəti idi.

 

Həmin yenilgidən sonrakı 13 ildə isə bakılılar heç vaxt 3 və ya daha çox top fərqilə uduzmamışdı. Avrokubok tarixində 2-ci dəfə ağır məğlubiyyət alan paytaxt futbolçuları 13 ildən sonra belə halla rastlaşıb.

 

Amma həmin vaxt komandanın “Xəzər Universiteti” adlandığını nəzərə alsaq, “İnter” indiki adı ilə ilk dəfə böyükhesablı yenilgi alıb. Bir sözlə, təmsilçimiz 4764 gündən sonra belə vəziyyətlə üzləşib.

 

Qeyd edək ki, Bakı klubu “Xəzər Universiteti” adlandığı vaxtda daha ağır məğlubiyyət də alıb. Lakin Avstriyada “Kazino”ya 0:4 hesabı uduzan “Xəzər Universiteti”nin bəxti gətirib ki, rəqib sifariş olunmayan futbolçudan yararlanıb. Bu üzdən nəticə ləğv edilib və təmsilçimizə texniki qələbə (+:-) verilib. Məhz bu amilə görə də “Fola” məğlubiyyəti 3-cü deyil, 2-ci böyükhesablıdı.

0